Roma, 17 sentyabr, AZƏRTAC
İtaliyanın əsas turizm bölgələri olan Milan, Roma və Florensiya ən az təhlükəsiz şəhərlər siyahısında ilk üçlükdə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, həmin şəhərlər “Il Sole 24 Ore” qəzetinin tərtib etdiyi 2024-cü il üzrə cinayət indeksində ən pis kateqoriyada göstərilib. İlk onluqda əsasən böyük şəhərlər və turistik bölgələr yer alıb.
Bildirilir ki, ölkə üzrə şikayətlər 2013-cü ildən bəri ilk dəfə artıb. 2022-ci illə müqayisədə isə xüsusilə zorakı cinayətlər - qətllər, döyülmə halları, xəsarət yetirmə və quldurluq kimi hallar 3,8 faiz artıb.
Ən çox cinayət faktlarının qeydə alındığı şəhər Milandır. Belə ki, 2023-cü ildə şəhərdə hər 100 min sakinə 7 mindən çox şikayət qeydə alınıb, əvvəlki dövrlə müqayisədə 4,9 faiz artım olub. Şikayətlər əsasən oğurluq, küçə quldurluğu, cinsi zorakılıq halları, narkotiklə bağlı cinayətlər üzrədir.
Paytaxt Romada isə bu kimi hallar 2022-ci ilə nisbətən 11 faiz artıb. Florensiya da mənfi halların kəskin artdığı şəhərdir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma