AZ

AŞ NK Avropa Məhkəməsinin icra durumunu müzakirə edir

Yayımlandı: 17 Sentyabr 2024 15:54 Gündəlikdə Azərbaycanla bağlı 10-dan artıq qərar var Sentyabrın 17-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1507-ci toplantısı işinə başlayıb.Üç gün davam edəcək toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə ediləcək. Toplantının gündəliyinə Azərbaycanla bağlı 10-dan artıq qərarın icra durumu da daxil edilib. Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı jurnalistlərlə əlaqəli qərarlarının icrasına nəzarət edilir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır, defamasiyaya görə azadlqıdan məhrumetmə cəzalarının ləğvini nəzərdə tutur. Müzakirə olunan Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəmədək həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Bu qərarların icra durumu problemlidir, qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər qismən həyata keçirilməmiş qalır. Toplantıda həmçinin, AİHM-in “Sarqsyan Azərbaycana qarşı” qərarının icra durumu da incələnəcək. Bu qərar Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi fazası (1992-1994) zamanı insanların məcburi köçkün düşməsi, onların öz evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü, bu kontekstdə effektiv vasitələrin olmaması ilə əlaqəlidir. AŞ NK bu qərarla paralel, AİHM-in eyni məzmunlu “Çıraqov və başqaları Ermənistana qarşı” qərarının icra durumunu da müzakirə edəcək. Müzakirələrdən əvvəl Azərbaycan hökuməti Mahmudov və Ağazadə qrupuna daxil olan qərarların icra durumu haqda Komitəyə məlumat təqdim edib. Təqdimatda AİHM-in “Əli Həsənov Azərbaycana qarşı” qərarı istisna olmaqla (ərizəçi tərəfindən ödəniş üçün gərəkli bilgilərin təqdim edilməməsi), digər qərarlarda nəzərdə tutulan təzminatların tam ödənildiyi ifadə edilib. Hökumət bu kontekstdə AİHM-in Mahmudov və Ağazadə işi və Fətullayev işi üzrə qərarların icrasına nəzarətin qapadılmasını xahiş edib. Bu qrupa daxil olan qərarların icrası ilə bağlı ümumi tədbirlərin həyata keçirilməsinə gəlincə, hökumət qeyd edib ki, milli məhkəmələr nifrətli çıxışlar və ya şiddətə təşviq halları istisna olmaqla, defamasiyaya görə azadlıqdan məhrum etmə cəzalarının verilməsindən çəkinir. Yeni təyin edilən hakimlər və hakim köməkçiləri Avropa Şurasının defamasiya ilə bağlı təcrübəsi haqda təlimləndirilir. Hökumət həmçinin, bildirib ki, hazırda defamasiya ilə bağlı qanunvericiliyə dəyişiklik edərək azadlıqdan məhrumetmə cəzalarının aradan qaldırmağı hədəfləyən tədbirlərin həyata keçirilməsini dəyərləndirilməkdədir. AŞ NK-nın 1507-ci toplantısında həmçinin, AİHM-in Albaniya, Ermənistan, Belçika, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Litva, Malta, Moldaviya, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna və Böyük Britaniyaya qarşı qərarlarının icra durumu da müzakirə ediləcək. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM qərarlarının icrası dövlətlər üçün məcburidir. AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir. Meydan TV

Seçilən
25
xural.com

1Mənbələr