Evdə yüksək səslə musiqi dinlədi: Qonşuların şikayəti ilə həbs edildi
Abşeronda bina evində yüksək səslə musiqi dinləyən şəxs qonşuların şikayəti əsasında saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1980-cı ildə Rusiyanın Krasnoyarsk şəhərində anadan olmuş, ali təhsilli M.H. evinə içkili gəlib.
Qəbul etdiyi spirtli içkinin təsirindən musiqinin səsini artıraraq, evdə səs-küy yaradıb. Qonşularının iradına isə təhqirlə cavab verib.
Təqsirləndirilən şəxs qonşuların şikayəti əsasında polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub. İş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.H. 5 gün müddətinə inzibati qaydada həbs edilib.