Yayımlandı: 17 Sentyabr 2024 17:51 İlqar Mustafayevin ittiham olunduğu maddədə 14 ilə qədər həbs nəzərdə tutulub Dənizkənarı Bulvar İdarəsinin sabiq rəhbəri İlqar Mustafayev həbs olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Dənizkənarı Bulvar İdarəsində vəzifəli şəxslərin qanunsuz əməlləri haqda Hesablama Palatasından daxil olmuş material əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Araşdırmalar nəticəsində idarədə 2021-2023-cü illərdə xüsusilə külli miqdarda mənimsəmə və israfçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq halları aşkarlanıb. Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib. İlqar Mustafayevə ittiham verilən maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin onun bu ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil. İlqar Mustafayev 2016-cı ildən Dənizkənarı Bulvar İdarəsinin İH-nin sədri idi. O, bu il yanvarın 29-da Prezidentin sərəncamı ilə işdən çıxarılıb. Meydan TV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta