AZ

USAID-in Ermənistana yardımını artırması: diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi - Araşdırma

USAID-in

Bakı, 17 sentyabr, AZƏRTAC

Vətən müharibəsində qazanılan Zəfər birmənalı olaraq həm də ikili standartlar üzərində əldə edilən misilsiz və ədaləti qələbədir. Ərazi bütövlüyümüz bərpa ediləndən sonra kollektiv Qərb Ermənistana “yağış kimi yağan” hərbi, iqtisadi, təhlükəsizlik və digər yönlü yardım kisələrinin ağzı aşırı səxavətlə açıb, maddi, maliyyə və siyasi dəstəklərini nümayiş etdirmək üçün sanki yarışa girib. Bu günlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketinin həcmini iki dəfədən çox 120 milyondan 250 milyon dollara qədər artıracağı ilə bağlı məlumatlar gündəmdədir. Ermənistan Nazirlər Kabinetinin yaydığı xəbər görə, maliyyə yardımı “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi” və digər sahələrə yönəldiləcək. Azərbaycan xalqı bu xəbərə təəccüblənmədi. Səbəb isə Qərbin Azərbaycana münasibətdə son otuz ildən artıq davam edən ən “ağır mirası” - ikili standartlar siyasətidir. Həmçinin təcavüzkar ölkə ilə haqq savaşı aparan dövlət arasında nəinki fərq qoyulması, əksinə, işğalçıya haqq qazandırılmasının “normaya” çevrilməsidir. Azərbaycan, onun siyasi lideri on illərlə yalnız işğalçı ermənilərlə deyil, həm də beynəlxalq hüquq və ədaləti iflic edən "ikili standartlarla” savaşıb.

Bu günün fərqi ondadır ki, əvvəllər təcavüzkarı dəstəkləyən nisbətən üstüörtülü şəkildə yeridilən ikili standartlar siyasəti hazırkı sülh quruculuğu dövründə daha aşkar müstəviyə keçib. Qlobal oyunçuların “ATƏT-in Minsk qrupu” adı altında maskalanmış niyyətləri aşkar ermənipərəstlik mərhələsinin bir hissəsi olub. Bölgəni sülh məkanına çevirmək yönündə Azərbaycanın səylərinə qarşı yüz il əvvəl Cənubi Qafqazı qan gölünə çevirən, sərhədlərini “kəsib-biçən” qüvvələrin hədəfləri isə tam çılpaqlığı ilə ortadadır. Qərb də, Ermənistan da yüz il əvvəl başlayan və bu gün davam edən yanlış siyasətlərindən, tarixin dərslərindən nəticə çıxarmır. Yəni, regionu xaosa qərq etməyə çalışan kənar güclərin Qalib Azərbaycanla üz-üzə olduqlarını hələ anlamamaları, ermənilərin yüz il əvvəl olduğu kimi, bu gün də Qərbə xilaskar gözü ilə baxması buna dəlalət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili Departamentinin müdiri, professor Tahirə Allahyarovanın “ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana yardımını artırması, diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi” sərlövhəli məqaləsində yer alıb.

USAID-in Cənubi Qafqaz ölkələrinə yardımı ilə bağlı müqayisə aparan müəllif bildirib ki, Zəfərimizdən sonrakı üç ildə Xankəndini könüllü tərk edən ermənilərə Qərbin göstərdiyi dəstək 30 il ərzində etnik təmizləməyə məruz qalan bir milyondan çox qaçqın və köçkünümüzə göstərdiyi yardımdan çoxdur! Missiyası “Amerika xalqından dünyaya yardım” kimi bəyan edilən USAID-in də ölkəmizə dəstəklə bağlı siyasəti ikili standartların bariz nümunəsi sayıla bilər. Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib. Məsələn, 1991-ci ildən USAlD Azərbaycana dəstək proqramlarına 450 milyon dollardan çox sərmayə qoyub. Habelə iqtisadi sahəyə əlavə 20 milyon dollardan çox vəsait ayırıb. 1992-ci ildən bəri isə USAID Gürcüstana 1,8 milyard dollardan çox yardım göstərib. Hazırda 35 layihə üzrə fəaliyyət davam edir. Ermənistana isə 1992-ci ildən bəri USAlD tərəfindən təxminən 3,3 milyard dollar sərmayə yatırılıb. Hazırda 22 layihə üzrə dəstək davam edir.

Cari ilin aprelin 5-də keçirilən yüksək səviyyəli görüşdə USAID “Gələcək demokratik və firavan Ermənistanı inkişaf etdirmək öhdəliyinə xidmət edərək ermənilər üçün aşağıdakı addımları atıb: sabitliyi, rəqəmsal idarəetməni təmin etmək məqsədilə 33 milyon, Qarabağdan könüllü şəkildə köçən ermənilərə dəstək üçün isə 8,5 milyon ABŞ dolları ayırıb.

Eyni zamanda, USAID 2024-cü maliyyə ilində öz xoşları ilə Qarabağdan könüllü şəkildə köçən ermənilər üçün 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-ın 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı 31milyon dollara çatıb. Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstə üçün 50 milyon dollar kredit ayırıb.

Yazıda bildirilib ki, USAlD-in hazırkı rəhbəri Samanta Pauerin ermənipərəst olması gizli bir məsələ deyil. Bununla yanaşı, onun ABŞ prezidentlərinə “məsləhət verən” qismində siyasi olimpin zirvəsinə qalxmasının gerçək səbəbləri və faktlar kölgədə qalıb. Məsələ burasındadır ki, Samanta Pauerin fiquru və siyasi karyerası erməni diasporu tərəfindən hazırlanmış bir layihədir. Çox geniş mövzu olduğu üçün qısa olaraq qeyd edək ki, ermənilər S.Paurei sovetlər dağılanda, Balkan regionunda soyqırımlar yaşananda jurnalist kimi çalışdığı vaxt gözaltı ediblər. Bosniyalı müsəlmanların soyqırımından canlı reportajlar yazan Samanta Paueri “soyqırımı eksperti” və erməni maraqlarının xidmətçisi kimi yetişdirmək, siyasi elitaya gətirmək planı işə düşüb. Balkan regionundan ABŞ-a qayıdan S.Pauerə ermənilər soyqırımı haqda kitab yazmağı sifariş edir. O, erməni diasporunun sifarişi ilə “Cəhənnəm problemi: Amerika və soyqırımı dövrü” (2002) adlı kitab yazır. Kitabın əsas ideyasını XX əsrdə baş verən soyqırımlara Amerikanın passiv reaksiyası, fəallıq göstərməməsi, onları tanımaq yönündə real addımlar atmaması və sair təşkil edir. Kitabın 1-ci fəsli, bəli doğru fəhm etdiniz, saxta erməni soyqırımına həsr olunub. Amerikanın isə bu saxta soyqırımı tanımaması sərt tənqid edilib. On illərlə ABŞ elmi-siyasi dairələrinin, habelə qlobal miqyasda tədqiqatların nəhəng qrant verənlərindən olan Karnegi Fondunun rəhbəri Vartan Qriqoryanın ən yaxın dəstəyi və maliyyəsi ilə diasporun planlarına uyğun olaraq kitabın müəllifi çoxsaylı nominasiyalara layiq görülür.

Kitabda ABŞ-ın dünya ölkələrinə müdaxiləsi nəticəsində törədilən digər soyqırımlara toxunulmaması, “yaxşı və pis soyqırımlar” təsnifatı, ABŞ-ın ölkələrin işlərinə müdaxiləsinin təbliği çoxsaylı görkəmli alimlər tərəfindən sərt tənqid edilir. Məşhur politoloq Samuel Moyn kitaba yazdığı tənqidi “Cəhənnəmə yol” (The Road to Hell) adlandırır. Lakin artıq erməni diasporunun təbliğat maşını işini görmüş olur. Diasporun səyləri ilə Barak Obama onu komandasına dəvət edir. Samanta Pauer də öz növbəsində bu kitabla ABŞ siyasi elitasında saxta soyqırımının tanınmasını və təbliğini davam etdirir. Daha sonra diaspor maliyyəsinin hərəkətə gətirdiyi güclü PR və təbliğat maşını işə düşür. Soyadı “güc, qüvvə” (Power) mənasını verən USAID-in rəhbəri daha da ruhlanaraq ABŞ-ın dünyanı nizamlayan güc olmasını isbatlayan “müdaxilə doktrinasını” yaradır. Yaxın Şərqin, Liviyanın qan gölünə çevrilməsinə, ölkələrin daxili işlərinə müdaxiləyə haqq qazandıran “Samanta Pauer doktrinası”nın müəllifi qlobal erməni diasporun əsas xidmətçisinə çevrilir.

B.Obamanın məsləhətçisi daha sonra ABŞ-ın BMT-də səfiri vəzifələrinə, təhlükəsizlik sistemində məsul postlara gətirilir. Nəhayət 2021-ci ildə Cozef Bayden tərəfindən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri təyin edilir. Xüsusi vurğulamaq lazımdır ki, Samanta Pauer USAlD-ə milli təhlükəsizlik sektorundan gələn ilk şəxsdir.

Beləliklə, missiyası dünyada “inkişafa yardım, dəstək vermək” olan USAlD və ona bənzər qurumların real niyyətləri də, fəaliyyəti də bu gün bəllidir. ABŞ-ın “yumşaq gücü”nün sərt gücündən qat-qat artıq olması da rəngli inqilablarda, xaosa qərq olan ölkələrin nümunəsində sınaqdan çıxıb. Baxmayaraq ki, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi BMT Nizamnaməsində təsbit olunub. Bütün bu proseslərdə pardoksal və təəccübləndirici məsələ ibaşqa ölkələrdə “demokratiya inkişafı, ölkələrdə müdaxilə və sabitliyi pozmaq xərclərinin” dövlət büdcəsinə ayrıca bənd kimi salınmasına dair ABŞ təcrübəsi, belə fəaliyyətlə məşğul olanların isə “diplomat” adlandırılmasıdır. USAID vasitəsilə ən çox büdcə vəsaiti alan qurumun Demokratiyaya Dəstək Fondu (NED) olmasıdır.

Samanta Pauerin siyasi karyerası: jurnalisti böyük siyasətə gətirən erməni amili

İyirmi dörd il əvvəl jurnalist kimi fəaliyyətə başlayan Samanta Pauerin erməni diasporunun çoxşaxəli dəstəyi ilə siyasi səhnəyə gəlməsini göstərən faktlar, sadəcə, onun USAlD rəhbəri olandan sonra ermənilər üçün “pul səpməsi” amerikalıların büdcəsinin xərclənməsi deyil.

B.Obamanın ilk prezidentlik dövründən sonra Hillari Klintona “monstr” (qorxunc, bədheybət) dediyi üçün vəzifəsini itirən Samantanın işsiz qalmaması üçün Ruben Vardanyan onu həmtəsisçisi olduğu “Avrora” humanitar fondunun münsiflər heyətinə seçir. Samantanın ermənipərəst lobbiçiliyini davam etdirir və dəvəti qəbul etməsinin əsas səbəbi kimi onu yetişdirən, maliyyə dəstəyi verən qlobal diasporun aparıcı fiqurlarının: Ruben Vardanyan, Nobar Afeyan və Vartan Qriqorianın təsisçi olmalarını əsas gətirir. “Avrora” fondunda çalışdığı dövrdə İrəvanda düşüb qalan Samanta beynəlxalq tədbirlərdə saxta soyqırımı təbliğ etməkdə davam edir.

Bumeranq: ermənilərin USAlD-in maliyyə səxavətinə rəğmən Samanta Pauerə nifrətinin səbəbi

USAlD-in ölkəmizə qarşı 30 ildən çox davam etmiş işğal, 1 milyondan çox qaçqın və köçkün problemi, Xocalı qətliamı, vandalizm, yerüstü və yeraltı sərvətlərin qanunsuz talan edilməsi, 4 minə yaxın əsir və itkin düşmüş soydaşlarımızla Zəfərimizdən sonra Qarabağ torpağında bu gün də davam edən mina terroru ilə bağlı susqunluğu, tarixi faktlar fonunda Ermənistana və Gürcüstana milyardlar, onlarla müqayisədə əhalisi və ərazisi dəfələrlə çox olan Azərbaycana isə cüzi yardım ayırması beynəlxalq ədaləti ayaqlar altına atmağın, “yardım” anlayışının tamamilə təhrif edilməsinin və iflasa uğramasının göstəricisidir.

T. Allahyarova vurğulayıb ki, Azərbaycanın haqq savaşında Qələbə çalması ilə ermənilərin on illərlə Samantaya xərclədikləri maliyyənin haqq-hesabını tələb etməsi gecikmir. Xüsusilə ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası bumeranqı qaytaran son təkan olur. Samantanın İrəvana səfəri ərəfəsində onun siyasətçi karyerasına milyonlar xərcləyən çoxsaylı cinayətlər törədən, terror və separatizmi maliyyələşdirən Ruben Vardanyan Azərbaycan qanunları ilə həbs edilir. Bununla da ermənilər Samanta Pauerin gerçək üzünü görmüş olurlar.

USAlD rəhbəri kimi Samantanın demək olar hər ay Ermənistana maliyyə ayırmasını ermənilər ikiüzlülük adlandırır. Beynəlxalq erməni tələbə gənclər hərəkatı Samantanın “Avrora” fondunun münsiflər heyətindən xaric edilməsi ilə bağlı müraciət yayımlayır. Məlum Mark Rubio Samantanın ikiüzlü karyerist siması ilə bağlı yazılar tirajlayır. Xankəndini könüllü tərk etmiş ermənilər ona “imperialist Samanta, çıx evinə rədd ol get!”, “Liviya cəlladı”, “Ermənistanı Ukraynanın gününə salmağa gəlib, soyqırımıdan yazan Samanta bu gün susub, kor qalıb” və s. kimi çağırışlar edirlər. Qlobal və yerli erməni media qurumları, analitik mərkəzlər, ekspertlər “Samantanı ifşa etmək” yarışına girirlər. Başqa sözlə desək, Samanta Pauerə alqışlar dövrünü qarğışlar dövrü əvəz edib.

Beləliklə, siyasi karyerasını erməni diasporu tərəfindən təmin edən “Samanta Pauer layihəsi”nin sonu çatıb. Azərbaycan suverenliyini tam bərpa edib. Separatçı canilər həbs olunub. Onun karyerasına yatırılan milyonlarla erməni sərmayəsi batıb. Samanta öz dostu Ruben Vardanyanı qanun və ədalətin əlindən ala bilmir.

Yüz il əvvəlki Azərbaycandan fərqli olaraq, bu günün qalib Azərbaycanı bölgəni savaş meydanına çevirməyə çalışan güclərə qətiyyətlə cavab verir, sülhə aparan prosesləri dəstəkləyir. USAlD-in, bütün Qərb dünyasının sel kimi axan maliyyəsi bu proseslərə heç bir təsir göstərə bilmir. Tarixən ölkəmizə qarşı yürüdülən ədalətsizlik bumeranqı öz sahiblərinə doğru geri qayıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
azertag.az

1Mənbələr