Bakı. TurkicWorld:
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Saatlı rayonunda inşa olunan 360 şagird yerlik yeni məktəb şagirdlərin istifadəsinə verilib.
TurkicWorld xəbər verir ki, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbi 1994-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Ötən müddətdə bina istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni məktəb binasının inşasına ehtiyac yaranmışdı.
Heydər Əliyev Fondunun təhsil sahəsindəki daha bir layihəsi də məhz bu səbəbdən Saatlı rayonunu əhatə edib.
Yeni məktəb binası üçmərtəbəlidir və 4 korpusdan ibarətdir.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Burada 17 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Məktəbin direktoru Mövlud Cəlilov bildirib ki, kənddəki məktəb də 30 il əvvəl fəaliyyətə başlayıb. Doqquzillik sistemdə fəaliyyət göstərən məktəb illər ərzində getdikcə yararsız vəziyyətdə düşdüyündən Heydər Əliyev Fonduna müraciət etdik. Müraciətimiz operativ şəkildə cavablandırıldı və çox keçmədən yeni məktəb binası inşa edildi. Bu il birinci sinfə qədəm qoyan 18 şagirdimiz var. Vaxtilə məktəb yararsız vəziyyətdə olduğundan şagirdlərimizin çoxu qonşu kəndlərdə daha yaxşı şəraiti olan təhsil ocaqlarına üz tuturdular. Yeni məktəb binası tikiləndən sonra nəinki həmin şagirdlər, hətta digər qonşu kəndlərin şagirdləri də bu məktəbdə təhsil almaq istədiklərini bildirirlər.
“Məktəbin məzunlarından Zeynali Dursunov və Cavanşir Ağayev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Məzunlarımız arasında ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr göstərənlər var. Məktəbin 11 illik sistemə keçməsi istiqamətində də işlər aparılır. İnanıram ki, yeni məktəb binasında təhsil alan şagirdlər daha yaxşı nəticələrlə fərqlənməyi bacaracaqlar”, - deyə M.Cəlilov qeyd edib.
Məktəbin şəhid məzunu olan Zeynali Dursunovun atası, Günəşli kənd sakini Əlləz Dursunov övladının məzun olduğu məktəbə yeni nəfəs verilməsinin onu və ailə üzvlərini çox təsirləndirdiyini bildirərək deyib: "Üç qızım şəhid qardaşlarının təhsil aldığı məktəbdə elmin sirlərini öyrənməyə davam edəcək, yeni biliklərə yiyələnəcəklər. Övladımın xatirəsinin də əbədiləşdirilməsi, xüsusi lövhənin quraşdırılması, hər gün məktəbin şagirdlərinin onun qarşısından keçərək sinif otaqlarına daxil olması ailəmiz üçün böyük məna kəsb edir. Bir şəhid ailəsi olaraq göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk”.