Həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi bazar ertəsi beynəlxalq ictimaiyyəti İranda qadınların başçılıq etdiyi etiraz hərəkatının başlamasından iki il sonra qadınlara qarşı təzyiqlərə son qoyulnası üçün hərəkətə keçməyə çağırıb.
"Mən beynəlxalq qurumları və dünyadakı insanları fəal addımlar atmağa çağırıram", Nərgiz Məhəmmədi şənbə günü Tehranın Evin həbsxanasında yazdığı və bazar ertəsi öz fondu tərəfindən dərc edilən məktubunda deyib.
"Mən Birləşmiş Millətlər Təşkilatını teokratik və avtoritar hökumətlərin tərəfindən gender aparteidini kriminallaşdırmaqla qadınlara qarşı zülm və ayrı-seçkilik qarşısında susmasına və fəaliyyətsizliyinə son qoymağa çağırıram" deyə, bildirib.
"Qadın, Həyat, Azadlıq" etirazları 16 sentyabr 2022-ci ildə Məhsa Əmini adlı 22 yaşlı kürd qadının sərt geyim kodunu pozduğu iddiası ilə həbs edilməsinin ardınca ölümündən sonra alovlanıb.
İranda qadınlar üçün məcburi baş örtüyünə və ölüm cəzasına qarşı kampaniya aparan Məhəmmədi 2021-ci ilin noyabrından Tehranın Evin həbsxanasında saxlanılır.
O, son on ilin çox hissəsini həbsxanada keçirib.
Məhəmmədinin fondunun bildirdiyinə görə, o, bazar günü Evin həbsxanasında "İran xalqı ilə həmrəylik, hökumətin zülm siyasətinə qarşı etiraz hərəkatının ikinci ildönümündə" 24 saatlıq simvolik aclıq aksiyası keçirən 34 qadından biri olub.
2023-cü ildə Nobel Sülh Mükafatını Məhəmmədi həbsdə olduğu üçün onun adından övladları alıb.
1979-cu il İslam İnqilabından bəri İranda qadınların ictimai yerlərdə saçları və boyunlarını örtməsi tələb olunur.
"Qadın, Həyat, Azadlıq" nümayişləri hökumət tərəfindən yatırılıb. İnsan haqları təşkilatı Amnesty İnternational təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı avtomat və ov tüfənglərindən istifadə etdiyini bildirib.
İnsan haqları qrupları azı 551 nəfərin öldürüldüyünü, BMT isə minlərlə insanın həbs edildiyini bildirib.
Lakin Məhəmmədi sarsılmaz olaraq qalmaqda davam edir.
"Qarşıdakı çətin yola baxmayaraq, hamımız bilirik ki, heç bir şey əvvəlki kimi deyil", o deyib.
"İnsanlar öz inanclarında, həyatlarında və cəmiyyətlərində çox böyük dəyişiklik hiss edir. İslam Respublikası rejimi hələ devrilməsə də, bu dəyişiklik dini tiraniyanın əsaslarını sarsıtdı" deyə, o bildirib.
visiontv.az