AZ

Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama


Azərbaycanda uzun müddətdir tələbələrin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə etməsi  məsələsi müzakirə olunsa da, müvafiq qurumlar tərəfindən real addımlar atılmır.
Yeniavaz.com
xəbər verir ki, hələ 2023-cü ilin yanvar ayında ictimai nəqliyyatda gediş haqları 30 qəpikdən 40 qəpiyə qaldırılan zaman Tarif Şurası güzəştlərin qısa müddətdə tətbiq olunmasının zəruri olduğunu açıqlayıb.
Tarif Şurasının 31 yanvar 2023-cü il tarixli qərarında qeyd olunub ki, sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlər qısa müddətdə başa çatdırılmalıdır.
Amma göründüyü kimi, Şuranın bu açıqlmasından 2 ilə yaxın vaxt keçsə də, tariflərin diferensiallaşdırılması ilə bağlı heç bir qərar qəbul olunmayıb. Üstəlik, bu açıqlmadan sonra ictimai nəqliyyatda tariflər yenidən artırılaraq 40 qəpikdən 50 qəpiyə qaldırılıb.
Bəs, görəsən ictimai nəqliyyatda tariflərin diferensiallaşdırılması niyə bu qədər gecikir?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, ictimai nəqliyyatda diferensial tariflərin bu günə kimi tətbiq olunmamasının əsas səbəbi bu sahədə idarəetmə probleminin olması ilə bağlıdır:
“Bildiyimiz kimi, ictimai nəqliyyat sektoruna nəzarət edən dövlət qurumunun status və tabeçiliyi tez-tez dəyişdirilir. Əvvəl Nazirlər Kabinetinin tabeliyində Bakı Nəqliyyat Agentliyi yaradıldı. Sonra bu qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. Çox qısa müddətdən sonra ictimai nəqliyyat sahəsinə nəzarət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə verildi. Nəzarətedici qurumun status və tabeçiliyindəki bu cür dəyişikliklər aydın məsələdir ki, bu cür mühüm qərarın qəbul olunmasına mane olur”.
Ekspert qeyd edir ki, tariflərin diferensiallaşdırılmaması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur:
“Azərbaycanda ictimai nəqliyyatın böyük əksəriyyəti dizel və sıxılmış qazla işləyirlər. Həm dizel, həm də qaz qiymətinə görə Avropa ölkələri arasında ən ucuz Azərbaycanda satılır. Üstəlik, Azərbaycanda dövlət sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcı şirkətlərə yanacağa görə subsidiya verir. Belə olan halda ictimai nəqliyyatdan güzəştlərin tətbiq olunmaması başa düşülən deyil. Qonşu ölkələrdə - Türkiyə, Ermənistan və Gürcüstanda dizelin qiyməti Azərbaycan ilə müqayisədə 2 dəfə bahadır. Necə olur ki, orada həssa qruplar üçün güzəştli tariflər tətbiq oluna bilir. Amma, Azərbaycanda bu mümkün olmur”.

Allahverdi Aydın

İqtisadçı-ekspert bildirir ki, Türkiyənin ən böyük şəhəri olan İstanbulda tələbələr üçün nəzərdə tutulan kartın aylıq qiyməti 282 lirəyə bərabərdir:
“İstanbulda oxuyan tələbə 282 lirə ödəyərək “Mavi kart” adlanan kart alır və bir ay ərzində həmin kartla ictimai nəqliyyatdan 200 dəfə istifadə edə bilir. Bu məbləği bizim pula çevirəndə İstanbulda tələbələr üçün gediş haqqı 7 qəpiyə bərabər olur. Gördüyünüz kimi, Azərbaycanla müqayisədə dizel və qazın 2 dəfə baha olduğu İstanbulda tələbələrin ödədiyi gediş haqqı Bakı ilə müqayisədə 7 dəfə ucuzdur. Gürcüstanda isə 250 lariyə bir illik limitsiz kart almaq mümkündür. Orta hesabla gün ərzində ictimai nəqliyyatdan 4 dəfə istifadə olunsa, bir gediş haqqının qiyməti bizim pulla 10 qəpik olacaq. Sentybarın 1-dən etibarən Ermənistanın paytaxtı İrəvanda limitsiz “İllik kart”ın qiyməti 88 000 dram olub. Orta hesabla gün ərzində ictimai nəqliyyatdan 4 dəfə istifadə olunsa, bir gediş haqqının qiyməti bizim pulla 27 qəpik olacaq”.
Ekspertin sözlərinə görə, Azərbaycanın neft-qaz satdığı Türkiyə və Gürcüstan kimi ölkələrdə ictimai nəqliyyatda gediş haqqının ölkəmizlə müqayisədə dəfələrlə aşağı olması utancverici mənzərə yaradır:
“Ümid edək ki, Tarif Şurasının 2 il əvvəl verdiyi sözə əməl ediləcək və çox qısa müddətdə ictimai nəqliyyatda tariflərin diferensiallaşdırılması barədə qərar qəbul ediləcək”.

Elnur Əli
Seçilən
59
6
yeniavaz.com

7Mənbələr