Yayımlandı: 18 Sentyabr 2024 12:28 Baş nazir təşkilatı ölkəsinin gələcək mövcudluğuna təhlükə sayır Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə (KTMT) indiki münasibətlərinin səbəbləri haqda növbəti açıqlama verib. Bu barədə Nikol Paşinyan sentyabrın 18-də Ümumdünya Erməni Sammitində danışıb. Baş nazir bildirib ki, Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub: “Biz KTMT-də iştirakımızı təkcə ona görə dondurmuşuq ki, təşkilat Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Həm də ona görə ki KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhlükə yaradır”. “Ermənistan bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır. Əgər biz “dönməzlik nöqtəsini” keçməmişiksə, o zaman belə vəziyyət davam edərsə, geri dönüş nöqtəsini keçəcəyimiz ehtimalı yüksəkdir. Və buna görə heç kimin bizi günahlandırmaq üçün heç bir hüquqi əsası olmayacaq”, – deyə Paşinyan fikrini tamamlayıb. Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”. Ermənistan bundan əvvəl, 2023-cü ilin dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib. Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib. Mayın 8-də isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarında nəzərdə tutulmuş fəaliyyətini maliyyələşdirməyəcəyini açıqlamışdı. Meydan TV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta