Son günlər Azərbaycanla Ermənistan arasında sülh razılaşması barədə məsələ müzakirə obyektinə çevrilib. Bu, xüsusilə Nikol Paşinyanın, o cümlədən digər Ermənistan rəsmilərinin son açıqlamaları fonunda davam edir. Digər tərəfdən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də yerli mediaya açıqlamasında bildirib ki, Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.
Bununla bağlı siyasi şərhçi Kənan Novruzov Sfera.az-a açıqlamasında deyib ki, hazırda sülhə mane olan iki əsas məqam var.
“Bunlardan biri Ermənistanın Azərbaycana qarşı davam edən və konstitusiyada əksini tapmış ərazi iddialarıdır. İkincisi isə Ermənistanın son vaxtlar intensivləşən hərbi təxribatlarıdır. Aydındır ki, Ermənistan hakimiyyəti öz iradəsi ilə hərəkət etmir. Rəsmi İrəvanın hazırkı destruktiv mövqeyinin arxasında həm də Qərbin, xüsusilə ABŞ və Fransanın bölgə və Ermənistanla bağlı maraqları dayanır. Adı çəkilən Qərb dövlətləri özlərinin regiondakı təsir imkanlarını qorumaq məqsədilə təsir göstərə bildikləri oyunçudan - Ermənistandan istifadə edirlər. Taktika sadədir: Ermənistan əvvəlcə silahlandırılaraq şirnikləndirilir, sonra isə dağıdıcı xarakterli fəaliyyətə sövq edilir. Digər tərəfdən rəsmi İrəvan hələ ki, konstitusiyasını dəyişənə oxşamır. Ermənistan bunun üçün 2027-ci ildə müvafiq addımın atılacağını bildirib”.
Şərhçinin sözlərinə görə, sülh sazişi mətninin 80 faizinin hazır olması məsələsi isə özlüyündə müsbət haldır:
“Amma kifayət deyil. Hətta sülh sazişi mətni 99 faiz hazır olsa da, bu, sülh sazişinin sabah imzalanacağı kimi başa düşülməməlidir. Eyni zamanda sülh sazişi mətni bütövlükdə, yəni 100 faiz hazır olsa belə, bu o demək deyil ki, sülh sazişi imzalanacaq. Sülh üçün Azərbaycan, demək olar, hər şeyi edib. İndi növbə Ermənistandadır”.
Günay Rəsulqızı