"AUKUS (Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avstraliya) alyansı qabaqcıl texnologilar sahəsində üzv ölkələr arasında əməkdaşlığı genişləndirib. Bu sırada alyansın ekipajlı sualtı qayıqlarının avtonom sualtı nəqliyyat vasitələri ilə birləşdirilməsi və kvant hesablama texnologiyalarının istifadəsi diqqət mərkəzindədir. AUKUS bu texnologiyaları inkişaf etdirməklə Çinin bölgədə hərbi gücünə qarşı sipər çəkməyi planlaşdırır".
Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, AUKUS ortaya real fəaliyyət qoymalıdır, əks halda bu birlik yalnız “başlığı” ilə diqqət çəkəcək.
"Bu arada, ABŞ, Böyük Britaniya və Avstraliya inteqrasiya olunmuş süni intellektə malik pilotsuz uçuş aparatlarını sınaqdan keçiriblər. Pilotsuz təyyarələrin yeni modeli operatora məsafədən hədəfləri tapmaq və məhv etmək imkanı verir. Bu modellər süni intellektdən istifadə edərək sürətlə hərəkət edən obyektlər haqqında məlumat vermək iqtidarındadır. Testlərin məqsədi düşmən hədəflərini müəyyən etmək üçün tələb olunan vaxtı azaltmaq idi. Əldə edilən nəticələr üç ölkə arasında hərbi sahədə məlumat mübadiləsinin üst səviyyədə olmasının və sıx əməkdaşlığın nümunəsidir. Təsadüfi deyil ki, Kanada da AUKUS təşkilatına maraq göstərir.
Beləliklə, AUKUS süni intellekt texnologiyalarını sınaqdan keçirir. Alyans sürətlə təkmilləşən texnologiyalardan tezliklə istifadə etməyə başlayacaq. AUKUS alyansının müasir texnolgiyalara yiyələnməsi və bu texnologiyaları bölgədə testdən keçirməyə başlaması Çin və Rusiyanı ciddi narahat edir", - deyə Elxan Şahinoğlu vurğulayıb.
Politoloq qeyd edib ki, Rusiya və Çin AUKUS alyansına qarşı bölgədə hərbi təlimlərin sayını artırıblar:
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının Avstraliyaya öz hərbi infrastrukturunu təşviq etməsinə diqqət çəkib. O qeyd edib ki, AUKUS ölkələri layihə çərçivəsində Cənub-Şərqi Asiya regionunda nüvə silahı yerləşdirib və bununla da bütün regionun təhlükəsizliyi üçün risk yaradır. ABŞ-nin bu bölgədə xeyli hərbi bazaya malik olması sirr deyil və bu bazalarda nüvə başlığı daşıya bilən raketlər yerləşdirilib. Çin və Rusiya buna qarşı öz aralarında ittifaqı gücləndirsələr də, ABŞ bölgədəki çoxsaylı müttəfiqləri və tərəfdaşları vasitəsilə hərbi konfiqurasiyasını istədiyi şəkildə formalaşdırmaq imkanına malikdir".
Xalidə Gəray
Musavat.com