Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə təqsirli bilinən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Kənan Rəsulova təqsirləndirilən şəxsin vəkili Elnur Quliyev bəzi suallar verib.
Vəkil Elnur Quliyev: "Deyə bilərsiz, sizə qrantın verilməsi üçün hansı tələblər olub?".
Kənan Rəsulov: "1-ci şərtlərə uyğun işi gördüm, aktı da tərtib elədim, ancaq götürmədilər. Sonra ödəniş gəlməli idi. Məktub göndərmişdik bizə qrant ayrılır, ya yox? Sonra Ziya aləmi qatdı bir-birinə. Bizə demişdi dostum işləyir orda. Ona pul çatmalı idi. Ancaq yəqin çatdırmadı ki, qrantı vermədilər. Üstündən artıq 1 il 6 ay keçıb. Hər hansı bir məktub göndərməli idilər, əvəzində biz 5 ya 10 min ödəniş etməli idik".
Vəkil Elnur Quliyev: "Qrantın ayrılması ilə bağlı hər hansı rəsmi saytlarda, bankın səhifəsində məlumat getmişdi?".
Kənan Rəsulov: "Artıq mən 1 il 6 aydır bankın rəsmi səhifəsinə baxmıram, xəbərim yoxdur".
Vəkil Elnur Quliyev: "Kredit verilən pullar borc ödənilməsi üçün istifadə olunub, hər hansı mədaxil qəbzi var?".
Kənan Rəsulov: "Hamısı barədə sənədlər cinayət işinin içində var. Həmin pullar ancaq görülən işlərə gedib. İşlər görürdük, votsapa qrupu da açmışdıq, işləri orda qeyd edirdik. Mən Ziyanın şirkətini yox, onun özünü tanımışam".
Vəkil Elnur Quliyev: "Bu müddət ərzində niyə bir dəfə demədiniz ki, Ziya sənin pulunu ödənilib, əl çək?".
Kənan Rəsulov: "Mən nəsə desəydim, başqa cür olacaqdı. Problem yaranacaqdı".
Hakim Azad Məcidov: "Kənan Rəsulov, sənin marağın o idi ki, 2 milyonu götürəsən. Buna görə 221 min manatın ortada gedib. Niyə vaxtında hüquq-mühafizə orqanlarına şikayət etmirdiniz?".
Vəkil Elnur Quliyev: "Pul sizin hesaba oturmuşdusa Ziya sizə nə problem yaradacaqdı, niyə ona pul verirdiniz?".
Kənan Rəsulov: "Söz verilmişdim 3 faiz, bir də 260 minin yarısını verəcəm Ziyaya".
Vəkil Elnur Quliyev: "Ziyanın hansı rolu olub qrantın ayrılmasında?".
Kənan Rəsulov: "Rolu belə olub ki, deyib mən xahiş edərəm sənə qrant verərlər".
Məhkəmə prosesi 27 sentyabr tarixinə kimi təxirə salındı.
İttihama görə, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırılıb, dələduzluq edib. Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 2 milyon dollar kredit almağa nail olub. O, həmin işi görməyərək quruma xüsusi külli miqdarda ziyan vurub. Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edərək Zaur Əliyevlə əlbir olaraq “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 5 milyon 600 min avro kredit alaraq vəd verdiyi işi görməyib və həmin qurumun pulunu ələ keçiriblər.
Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni “Muğan Bank”ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər. Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıblar. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqdarda ziyan vurub. İttihamda daha sonra göstərilib ki, Ziya Hüseynzadə “Muğan bank”ın Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb.