AZ

Abunəçilərə mobil operatorların xəbəri olmadan yeni tariflər təqdim edilir – “Azercell” xəbərdarlıq edir, “Bakcell” və “Nar” susur

Son zamanlar sosial şəbəkələrdə müxtəlif şəxslər, elektronika məhsulları və mobil nömrələrin satışı ilə məşğul olan mağazalar tərəfindən vətəndaşlara Azərbaycanda olan mobil operatorlar – “Azercell”, “Bakcell” və “Nar”a məxsus nömrələrlə bağlı xüsusi tariflər təklif edirlər. Bu təkliflərin bir qismi alınacaq nömrələrin qarşılığında pulsuz təqdim ediləcək aylıq tarif paketləridir. Digər qisim təkliflərdə isə istənilən nömrənin tarifə qoşulması üçün 30-50 manat civarında xidmət haqqı istənilir.
Belə təkliflər sırasında “Bakcell” və “Nar” nömrələr üçü 16,9 manata 60 GB internet, 26,9 manata 83 GB internet yaxud 28,9 manata 63 GB internet, 700 dəqiqə ölkədaxili danışıq və 700 dəqiqə SMS olan özəl tariflər də var. “Azercell”də isə 29 manata 700 dəqiqə və 63 GB, 39 manata 700 dəqiqə və 83 GB və 44 manata 1300 dəqiqə 86 GB internet olan paketlər təklif edilir.
Bütün sosial şəbəkələri öz ağuşuna alan və “TikTok”da hər gün ən azı 5-6 saat canlı yayımda təqdim edilən bu taarifləri mobil operatorların saytlarında və mobil əlavələrində olan tariflər bölmələrində tapmaq mümkün deyil.
Bəs, operatorların özlərinin abunəçilərə təqdim etmədiyi bu tariflərin ayrı-ayrı şəxslər tərəfindən təqdim edilə bilməsi nə qədər leqaldır? Operatorların bundan xəbəri varmı?
Bu suallara aydınlıq gətirmək üçün “BusinessTime” hər üç mobil operatora sorğu ünvanlayıb. Sorğuya dərhal reaksiya verən “Azercell”dən bildirilib ki, belə tarif elanlarının onlarla əlaqəsi yoxdur:
“Müraciətinizlə əlaqədar bildiririk ki, sorğuda göstərilən xidmətin və sosial şəbəkə hesabının “Azercell Telekom” MMC-yə heç bir aidiyyəti yoxdur. Saxtakarlıq və dələduzluq halları ilə qarşılaşmamaq üçün, yalnız şirkətimizin rəsmi www.azercellim.com internet səhifəsindən, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etmək ilə mobil nömrələr əldə edilməsini tövsiyə edirik. Eyni zamanda bildiririk ki, “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək mümkündür”.
“Azercell”dən fərqli olaraq “Bakcell” və “Nar” məsələyə münasibət bildirməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
businesstime.az

1Mənbələr