Bakıda keçirilən “Qara Dəniz-Xəzər Logistika 2024” forumunda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və onun Şərq-Qərb nəqliyyat bağlantısındakı mühüm rolundan danışılıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, mövzu ilə bağlı çıxış edən QSC sədrinin müşaviri Emil Məmmədov BTQ-nin yükaşırma həcminin 5 milyon tona çatdırıldığını qeyd edərək onun Çin və Orta Asiya mənşəli yüklərin Orta Dəhlizlə Türkiyəyə, oradan isə Aralıq dənizi hövzəsi və Şimali Afrika bazarlarına daşınması üçün ən qısa və ən rahat marşrut olduğunu bildirib. “Bakı-Tbilisi-Qars dəmir yolu yalnız ənənəvi yük daşımaları deyil, eyni zamanda, kontinental dəmir yolu tədarükünü də mümkün edir. Həmçinin, biz çinli tərəfdaşlarımızla Avropaya dəmir yolu marşrutlarının sayını artırmağı müzakirə edirik ki, bu da Çinin Avropa bazarına çıxması üçün əlavə imkan yaradacaq”, - E.Məmmədov qeyd edib.