AZ

Beyin anevrizmasını müalicə edə bilən nanorobotlar hazırlanıb

Alimlər beyin anevrizmalarını müalicə edə biləcək kiçik robotlar hazırlayıblar. SİA “The İndependent” nəşrinə istinadla xəbər verir ki, anevrizma beyindəki arteriyaların şişməsidir. Bu şişlər partlayaraq beyin qanaması və ya insult yarada bilər.

Alimlər belə ciddi problemlərin qarşısını almaq üçün yeni üsul hazırlayıblar. Onlar qan hüceyrələrindən daha kiçik nanorobotlar hazırlayıblar. Bu kiçik robotlar maqnit nüvədən, anevrizmaların qarşısını alacaq trombin adlı laxtalandırıcıdan və dərmanın yanlış bölgəyə buraxılmasının qarşısını alan qoruyucu örtükdən ibarətdir.

Maqnit sahəsi və nüvəsi sayəsində robotlar uzaqdan anevrizma sahəsinə istiqamətləndirilə bilər. İstilik nəticəsində əriyən örtük daha sonra qanaxmanın qarşısını alaraq dərmanı lazımi yerə buraxır.

Tədqiqatın həmmüəllifi Qi Zhou bildirib ki, maqnit sahəsindən istifadə edərək, nanorobotlar anevrizmaya yönəldilə bilər: “Robotun üzərində cəmlənən istilik daha sonra örtüyü əridir, dərmanı buraxır və anevrizmanı qan dövranından bloklayır. Toxumalara zərər verməmək üçün verilən istilik 50 dərəcədən çox deyil”.

Alimlər robotları laboratoriyada hüceyrələrdə və anevrizması olan dovşanlarda sınaqdan keçiriblər. Onlar nanorobotların anevrizma sahəsinə yönəldilə biləcəyini və dovşanlarda laxtalanmaların əmələ gəldiyini müşahidə ediblər. Heyvanlar iki həftəlik izləmə müddətində sağlam qalıblar, lakin onların anevrizmaları laxtalanma ilə bağlanıb. Laxtalar beyində qan axınına mane olmadan anevrizmanın yaranmasına mane ola bilib. Digər tərəfdən, laxtanın nə qədər müddətə qanaxmanın qarşısını ala biləcəyi hələ məlum deyil.

Q.Zhou nanorobotların “tibbdə yeni üfüqlər" aça biləcəyini deyir və bu yolla anevrizmanın müalicəsində riskin azaldıla biləcəyini düşünür: “Uzaqdan idarə olunan maqnit nanorobotlarımız implantlardan istifadə etmədən beyin anevrizmalarını tez bağlamaq üçün daha dəqiq və təhlükəsiz üsul təklif edir. Görüləcək daha çox iş var, lakin biz inanırıq ki, bu texnologiya beyin anevrizmalarını müalicə üsulunda inqilab etmək potensialına malikdir”.

Komanda yeni texnologiyanı daha iri heyvanlarda, məsələn, qoyunlarda sınaqdan keçirməyi planlaşdırır. Onlar, həmçinin robotların beynin dərinliyinə gedə biləcəyini yoxlayacaqlar.

Seçilən
25
3
sia.az

4Mənbələr