Payızın gəlişi qadınların məşğuliyyətlərindən birini də artırıb. Artıq bir neçə müddətdir ki, turşu sezonuna start verilib. Ev şəraitində, dədə-baba üsulu ilə turşu bağlamaq asan görünsə də, zaman-zaman bunun riskli olduğunun, insanları zəhərlədiyinin də şahidi oluruq.
Evdə turşu bağlanan zaman, adətən, onun tərkibinə müxtəlif dərman vasitələri qatılır. Bəs bu həmin turşunun istehlakı insan orqanizminə hansı zərər vurur?
Qida eksperti Ağa Salamov məsələ barədə “Yeni Sabah”a danışıb: socar vakansiya
“Turşuların emal prosesi düzgün qaydada həyata keçirilməlidir. Məhsulun torpaqdan tamamilə təmizlənməsi və dezinfeksiyası olduqca önəmlidir. Torpaq vasitəsi ilə turşulara batulizm bakteriyası keçə bilər. Patogen bakteriyalar sinfinə aid olan batulizm öldürücü xarakter daşıyır. Ən çox zəhərlənmələr də elə məhz bu səbəbdən baş verir. Emal prosesi düzgün olmalıdır. Çiy su içinə getməmək şərti ilə düzgün şərtlər altında bağlanmalıdır. Nisbi rütubətliliyi də nəzərə almaqla saxlanma şəraiti də sərin, qaranlıq bir ortamda həyata keçirilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, bağlanma ərəfəsində qapaq deformasiyaya uğramasın. Qapaqlar vakuum şəklində bağlanmalı, içinə oksigen keçməməlidir”.
Ekspert turşu bağlama prosesində dərman vasitələrindən istifadənin zərərindən də söz açıb:
“Emal prosesində, xüsusən də, ev şəraitində hazırlanan turşulara aspirin, tetrasiklin hidroxlorid kimi dərman pereparatlarından istifadə edirlər ki, onlar atmasın. Əslində turşular düzgün emal prosesindən keçərsə, o zaman atmaz. Ancaq sözügedən dərmanlardan istifadə etmək gələcəkdə turşunu açıb yeyərkən qida zəhərlənməsinə gətirib çıxara bilər. Ona görə də, dədə-baba adəti ilə duz, sirkə və s. istifadə etməklə turşu bağlamaq daha qənaətbəxş hesab olunur”.
Aytac Şahin
Telegram kanalımız