AZ

İkinci Fəxri Xiyabanda anım mərasimi keçirilib

Sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirlərinin ildönümü münasibətilə İkinci Fəxri Xiyabanda anım mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri və şəxsi heyəti, icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canında keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə bildirilib ki, antiterror əməliyyatlarının keçirilməsində məqsəd Qarabağda yerləşən Ermənistanın qanunsuz silahlı birləşmələrinin və separatçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatına əsasən separatçı qüvvələr Azərbaycan ərazisini tərk etməli olsalar da, Ermənistan rəhbərliyi və onların havadarlarının köməyi nəticəsində həmin hərbi birləşmələr ərazimizdə qalmaqla dinc əhaliyə, hərbi qulluqçulara qarşı terror xarakterli əməliyyatlar həyata keçirməyə davam edirdi. Bunun nəticəsində həm mülki vətəndaşlar, həm də hərbi qulluqçularımız arasında itkilərimiz, şəhidlərimiz olurdu. Buna görə də lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi qərarı alındı. Əməliyyat zamanı Azərbaycan Ordusu dünya hərb tarixində görünməyən müddətdə - təxminən 23 saat ərzində Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisində çıxarmaqla bərabər, onları kapitulyasiyaya imza atmağa məcbur etdi. Ordumuzun bu qələbəsi ölkə rəhbərliyinin, xalqımızın Silahlı Qüvvələrimizə olan inamından irəli gəlirdi. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Təəssüf ki, həmin hərbi əməliyyatlar zamanı şəhadətə yüksələn əsgərlərimiz və zabitlərimiz də oldu. Onların hər biri böyük ehtiram və hörmətlə anılır, canları, qanları bahasına bəxş etdiyi Zəfərə görə minnətdarlıq bildirilir.

Sonra şəhid hərbi qulluqçuların məzarları ziyarət olunub, məzarları önünə tər çiçəklər düzülüb, əklil qoyulub, ruhlarına dualar oxunub.

Seçilən
8
2
sia.az

3Mənbələr