AZ

"Antiterror əməliyyatları dünya tarixinə düşdü" - ŞƏRH OLUNDU

“2020-ci ilin 44 günlük Vətən müharibəsi nəinki Azərbaycanın, ümumiyyətlə türk dünyasının tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tarixi zəfər əldə etdi. Məhz bu Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi, eyni zamanda bu, regionda yeni reallıqlar yaratdı”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

O, qeyd edib ki, bu reallıqları qəbul etmək istəməyən, eyni zamanda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü maddəsinə əməl etməyən Ermənistan revanşist iddialara düşərək təxribatlarını davam etdirdi: “Bəlli olduğu kimi Azərbaycanın sülh təklifini dəfələrlə cavabsız qoyan Ermənistan buna cavab olaraq bəzi revanşist əhval-ruhiyyətli təxribatçı əməllərə əl atdı. Daha dəqiq desək, həmin vaxt Ermənistan silahlı qüvvələri təxribatlarına davam etdirərək, Laçın dəhlizi vasitəsilə silah və sursat daşımağa davam etdi”.
Politoloq qeyd edib ki, Ermənistanın bu təxribatlaırnın qarşısını almaq üçün Azərbaycan konkret addımlar atdı: “Beləliklə, 2023-cü ilin aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması və Ağdam-Xankəndi yolunun humanitar məqsədlə təklif edilməsi Ermənistanın çirkin planlarını pozdu. Lakin təəssüflər olsun ki, Ermənistan və onun dəstək verdiyi Qarabağdakı separatçılar təxribatçı əməllərdən əl çəkmədi. Belə olan halda isə atılacaq başqa addım qalmadı”.

Fikrət Əliyevn sözlərinə görə, Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları dünya tarixinə düşdü: “Heç tam bir sutka belə çəkməyən həmin əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistan ordusunun qalıqlarına və separatçılara ciddi zərbələr vuraraq, onların müqavimətini qırdı. Ən əsası isə antiterror əməliyyatları zamanı Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa tam şəkildə riayət etdi. Ordumuz yalnız qanunsuz hərbi obyektləri və infrastrukturu hədəfə alaraq, mülki əhaliyə zərər vermədi. Azərbaycan Ordusunun yüksək texnoloji imkanları və peşəkarlığı sayəsində əməliyyatlar qısa müddətdə uğurla yekunlaşdı. Bu, olduqca mühüm nəticə idi. Çünki antiterror əməliyyatları nəticəsində Ermənistan qüvvələri ciddi itkilər verərək təslim oldular. Bununla da Qarabağda erməni separatizminə son qoyuldu və Azərbaycan ərazi bütövlüyünü tam şəkildə təmin etdi”.
F.Əliyev əlavə edib ki, Azərbaycanın düşmən tapdağından azad edilən bütün topraqlarında, o cümlədən antiterror əməliyyatı nəticəsində tamamilə azad edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində genişmiqyaslı tikinti-quruculuq işləri gedir: “Artıq bu il həmin yerlərdə orta məktəblərdə ilk zəng çalındı. Həmçinin Xankəndidə Qarabağ Universiteti ilk tələbələrini qəbul etdi. Eyni zamanda işğaldan azad edilmiş digər şəhərlər kimi, antiterror əməliyyatları nəticəsində tam azad edilən şəhərlər üçün də şəhər günü təsis edilib. Cənab Prezdentin sentyabrın 18-də imzaladığı müvafiq Sərəncama əsasən 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü elan edilib”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sia.az

1Mənbələr