AZ

Şoyqunun İrana qəfil səfəri: Moskva Tehranı Zəngəzur dəhlizinə razı sala bildi? - ŞƏRH

Suriyada səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu qəfildən oradan İrana da səfər edib. Tehranda o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb. Məlumata görə, Şoyqu görüş zamanı İran tərəfə Rusiya Prezidenti Putinin mesajını da çatdırıb. Şoyqunu İran Prezidenti Pezeşkian da qəbul edib.

Sözügedən səfərin pərdəarxasında nələr dayanır?

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı xatırladıb ki,  Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşib və buna görə Moskvaya “hücuma” keçən İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı Rusiyaya göndərib.

Onun sözlərinə görə, məqsəd isə Tehranın “qırmızı xətlərini” izah etmək və Rusiyanın geri çəkilməsinə nail olmaq idi:

 

“Hərçənd bu səfərdən sonra hər iki paytaxda verilən bəyanatlar uzlaşmanın olmadığı ehtimalını gücləndirdi. Əhmədianın səfərindən bir neçə gün sonra isə Şoyqunun Tehrana gedişi bu prosesdə əsas diqqətçəkən məqamdır. Bu, Rusiyanın İrana təkliflər paketi hazırladığı fikrini önə çıxarır. Əks təqdirdə, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Əhmədiana təqdim edildikdən sonra Şoyqunun Tehrana uçmasına zərurət olmazdı. Rusiyanın İrana təqdim edə biləcəyi iki mümkün təklif ola bilər. Birincisi, dəhlizin Tehranın maraqlarına zidd olmadığı ətraflı şəkildə izah olunur və İran marşrutunun da alternativ yol kimi istifadə edilməsinin detalları təqdim edilir, yəni uzlaşma təkifi irəli sürülür. İkincisi, İranın da Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsi, yaxud başqa formada iştirakına dair təkliflər ola bilər”.

Ekspert bildirib ki, ikinci ehtimal daha zəifdir:

“Çünki Rusiyanın hazırda İranla əməkdaşlığa ehtiyacı olsa da, bölgədə mövqelərini paylaşmaqda maraqlı deyil. Eyni zamanda, Tehranın hansısa formada iştirakı Ankaranın da iştirakına zəmin yaradacaq. Rusiya daha çox İranla uzlaşmaq və dəhlizin məhz özünün iştirakı ilə açılmasına nail olmaq istəyir. Şoyqunun uzlaşma ilə Moskvaya qayıtdığını demək o qədər də asan deyil. Maraqlıdır ki, tərəflər Şoyqunun səfəri ilə bağlı məlumatı öz ictimai rəyinə hesablanmış formada təqdim edir. İran mediası “Moskva Tehranın mövqeyini dəstəklədi” formasında yazır. Rusiya mediası əksinə, “Tehran Moskvanın siyasəti ilə razılaşdı formasında göstərir. Bu “təqdimat” da Moskva-Tehran xəttində Zəngəzur dəhlizi ilə bağlı uzlaşmanın olmadığı versiyasını gücləndirir”.

Seçilən
95
50
gundem.az

10Mənbələr