AZ

Zəfərin mübarək, Azərbaycan!

Tarixin bütün dövrlərində birgə yaşayış, digər xalqlara ehtiram və multikultural ənənələr Azərbaycanda həyat tərzi olub. Vaxtilə doğma yurdumuzda qonaq kimi məskunlaşan ermənilər sonradan bölgənin baş ağrısına çevrildilər.

Öz xalqına olan sevgisini digər xalqlara, xüsusilə azərbaycanlılara qarşı nifrət üzərində quran ermənilər tarixi torpaqlarımızda soydaşlarımızın qətliamı, qanı bahasına öz havadarlarının köməyi ilə özlərinə Ermənistan adlı işğalçı bir dövlət qurmağı bacardılar. Sovet dönəmində yurd yerlərimizin ardıcıl şəkildə Ermənistana verilməsi prosesi başlanıldı. Məkrli düşmən və havadarları iş başında idi, hədəf Azərbaycan ərazisində “Böyük Ermənistan” dövlətinin qurulması planı olub.
Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunması düşmənin bütün planlarının üstündən xətt çəkmişdi. Ümummilli Lider doğma Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifah halının daha da yüksəlməsi üçün çalışmışdır. Təbii ki, bu da Azərbaycanı, millətimizi gözü götürməyən qüvvələr üçün bir dərd idi. Onlar Dahi Lider Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması üçün min hiylə və məkrə əl atır, torpaqlarımızın işğalı üçün yalnız Ulu Öndəri sıradan çıxarmağa cəhd göstərirdilər.
Xain, hiyləgər və məkrli düşmənlərimiz milli ədavəti qızışdırmaqda sanki ixtisaslaşmış SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əli ilə istəklərinə nail oldular. Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılandan sonra düşmənlərimizin əlləri-qolları açıldı və bundan sonra Azərbaycanın tarixində növbəti dəhşətli mərhələ başlandı. Ulu Öndərin hakimiyyətdə olduğu vaxtlarda Azərbaycan torpaqlarına qarşı təcavüz planlarını reallaşdıra bilməyən qüvvələr xeyli fəallaşaraq öz işğalçılıq niyyətlərini həyata keçirməyə başladılar.
Çox keçmədən Qarabağda erməni separatizminin alovunda on minlərlə günahsız soydaşımız həyatını itirdi, torpaqlarımızın 20 faizi dünyanın gözü qarşısında işğal olundu, bir milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşdü. Erməni faşizmi qətliam, terrorla bölgəni qan gölünə çevirdi. Qarabağ probleminin ədalətli həllini üzərinə götürmüş, varlığı ilə yoxluğu bilinməyən, ikili standartları açıq-aydın fəaliyyətinin prioriteti seçən ATƏT-in Minsk qrupu və digər beynəlxalq güclər, Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, münaqişəni dondurmağa çalışmaqla işğalçıya meydan verirdilər.
Qarabağ probleminin müharibə ilə deyil, sülh yolu ilə həll olunması uğrunda mübarizə, ilk növbədə Azərbaycan dövlətinin humanizm prinsiplərinə, ümumbəşəri dəyərlərə sədaqətinin göstəricisi idi. Prezident İlham Əliyev diplomatik masalarda ilk gündən bəyan edirdi ki, Qarabağ ölkəmizin ayrılmaz hissəsi, qırmızı cizgisidir və bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Əks halda, ölkəmiz heç vaxt bu işğalla barışmayacaq. Əslində, uzun müddət davam edən diplomatik təmaslarda dövlətimizin başçısı qarşı tərəfə anlatmağa çalışırdı ki, regionda sülhə ehtiyac var, müharibə olacaqsa, bu, Ermənistanın sonu deməkdir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycanın uzatdığı barış əlinə Ermənistan təmas xəttində yeni təxribatlar, Tovuz istiqamətində mövqelərimizi atəşə tutmaqla, yeni ərazi iddiaları ilə cavab verdi. Beləliklə, beynəlxalq güclərin marionet idarəçiliyində olan Ermənistanın qəbulolunmaz davranışları Cənubi Qafqazda müharibə ilə nəticələndi. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi təkcə qəhrəman ordumuzun deyil, bütövlükdə xalqımızın xarakterinin və mübarizə əzminin dünyaya nümayişi kimi tarixə həkk olundu. Xalq-Lider-Ordu birliyinin rəmzinə çevrilmiş “Dəmir yumruq”un zərbəsi məğlubedilməz kimi təqdim olunan mifləşdirilmiş düşmən ordusunu 44 gün ərzində məhv etdi. Təkcə Şuşa şəhərinin işğalçılardan azad olunmasında süngü və yüngül silahlarla düşmənlə əlbəyaxa döyüşlərə atılmış şərəfli Azərbaycan Ordusunun qəhrəmanlığı dünyanın hərb mərkəzlərində hələ də təhlil olunur, Vətəni biz azərbaycanlılar kimi sevmək aşılanır.
İkinci Qarabağ müharibəsində yaddaqalan və unudulmayan hadisələrdən biri də hər iki ölkənin cəbhəyə giriş-çıxış yollarında postlar qurması idi. Bizim postlarda duranlar Vətənin müdafiəsi üçün kütləvi şəkildə döyüşə getmək istəyən könüllüləri geri qaytarır, Ermənistan tərəfi isə döyüşdən qaçan fərariləri saxlayırdı. Bu mənzərə xalqımızın qəhrəmanlığının təsdiqi ilə yanaşı, həm də haqlı olduğumuzun sübutu idi. Qarabağ bizim idi və bizim oldu. Biz təkcə Qarabağı işğaldan azad etmədik, həm də düşmənə yerini göstərdik. Kapitulyasiya aktına imza atan düşməni “Dəmir yumruq”la başa saldıq ki, bizim qürurumuzla oynamaq heç kəsin həddi üçün deyil. Zatən, bir qərinə ərzində düşmən bunu anlamamışdı. Amma diplomatik dildə başa düşməyən rəsmi İrəvan bu həqiqəti gec də olsa anladı.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri müstəqil ölkəmizin bütövləşməsi ilə nəticələndi. Prezident İlhan Əliyevin qətiyyəti, Ali Baş Komandan kimi çevik və yerində verdiyi cəsarətli qərarları, Silahlı Qüvvələrimizin peşəkarlığı heç vaxt unudulmayacaq tarixi qələbəmizi şərtləndirdi.
Ali Baş Komandan İlham Əliyev bölgədə iki əsrə yaxın davam edən erməni terroruna, zülmünə, separatizminə son verərək təkcə azərbaycanlıların deyil, regionun xilaskarı kimi qəhrəmanlıq tarixi yazdı. Xankəndidə Azərbaycanla bağlı düz oturub əyri danışan separatçı rejimin rəhbərləri tərksilah olunaraq Bakıya gətirildi. Halbuki bizi Bakının işğalı ilə hədələyir, təhdid edirdilər. Harda yaşamasından asılı olmayaraq müstəqilliyimizin əleyhinə olanların hamısını eyni aqibət gözləyir. Düşmənə göz dağı olan mübarək bayrağımız ölkəmizin hər yerində qürurla dalğalanır, bütövlük də elə budur!
Ali Baş Komandana və Azərbaycan Ordusuna eşq olsun! Zəfərin mübarək, Azərbaycan! Bu gün müdrik Liderlə çox xoşbəxtsən!

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Seçilən
16
3
sesqazeti.az

4Mənbələr