AZ

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mükafatlandırılma keçirilib - ASCO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ASCO-nun dəstəyi ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin şagirdləri arasında keçirilən “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinin qaliblərinin və bu il Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) yüksək balla qəbul olan tələbələrin mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilib.

Fins.az xəbər verir ki, əvvəlcə ASCO-nun İdarə Heyəti sədrinin müavini Zaur Nağıyev və “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin layihə rəhbəri İmamir Mirzoyeva münsif heyəti adından çıxış edərək müsabiqənin təşkili və yekunu barədə məlumat verib, bütün qalibləri, iştirakçıları və mentorları təbrik ediblər. Onlar bu cür layihələrin nəinki təşəbbüskarlara və iştirakçılara, ümumilikdə gələcəkdə ölkəmizin texnoloji potensialının inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Daha sonra müsabiqənin qalib komandaları elan olunub, onlar haqqında video nümayiş edilib. Komandaların hər bir üzvü, eləcə də mentorları qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bütün iştirakçılara isə ASCO adından sertifikat və onların layihələri barədə məlumatların yer aldığı kataloq təqdim olunub.

Müsabiqədə ümumilikdə 32 komanda iştirak edib. Birinci yeri "Smart Can” layihəsi ilə “Future X”, ikinci yeri “Wave Tech” layihəsi ilə “AquaDynamiX”, üçüncü yeri “Ağıllı naviqasiya işığı” layihəsi ilə “NaviGenius” komandası tutub.

Qaliblər əvvəlcədən elan edilən mövzulara uyğun olaraq ASCO və “AzeRobot Education”nun nümayəndələrindən ibarət 13 nəfərlik münsif heyətinin səsverməsi əsasında prototipin funksionallığı, gəmiçilik sahəsində tətbiqi imkanları, unikallığı və innovativliyi kimi meyarlar üzrə 10 ballıq sistemlə qiymətləndirilib və bu proses tam şəffaf təşkil edilib.

Qaliblər elan edildikdən sonra ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev çıxış edərək onları və ADDA-ya ən yüksək balla qəbul olan tələbələri təbrik edib, hər birinə uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, bugün Azərbaycan gəncliyinə elmi potensialını ortaya qoymaq, texnoloji bilikləri dərindən mənimsəmək, yeniliklərə açılmaq üçün müxtəlif fürsət və imkanlar yaradılır. Bütün bunlar ona görədir ki, yeni nəsilin hər bir üzvü cəmiyyətə faydalı fərd kimi yetişsin, öz ölkəsi üçün layiqli vətəndaş ola bilsin.

Rauf Vəliyev qeyd edib ki, ASCO da dövlətin bu siyasətə sadiqliyini nümayiş etdirərək gənclərin davamlı inkişafına yönəlik addımlar atır, savadlı və bacarıqlı kadrlar irəli çəkilir.

Sədr “COP29” kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin, eləcə də Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən də danışıb.  Bildirib ki, bu tədbirlər dövlətimizin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə diqqətinin göstəricisidir. ASCO-nun bu sahədə gördüyü işlərə də toxunan Rauf Vəliyev,  Beynəlxalq Dəniz Təşkilatının gəmiçilik sahəsində iqlim dəyişmələri ilə mübarizə məqsədilə 2050-ci ilədək 0 emissiya hədəfinə çatmaq üçün ASCO-nun Strategiyası və Tədbirlər Planı layihəsinin hazırlandığını diqqətə çatdırıb.

Çıxışının sonunda Rauf Vəliyev innovasiya və texnologiyaların tətbiqinin bugünün prioritet məsələsi olduğunu bildirib və bütün gənclərə, o cümlədən ADDA tələbələrinə bilik və bacarıqlarını bu istiqamətdə yönləndirməklərini tövsiyə edib.

Tədbirdə ADDA-ya bu il yüksək balla qəbul olan tələbələrə ASCO adından hədiyyələr təqdim olunub.

Zemfira Ms
Fins.az

 

Seçilən
1
2
fins.az

3Mənbələr