AZ

Rəşad Aslanov: “Azərbaycan bölgədə yeni reallıqlar yaradıb”

Bir il öncə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir Zəfər günü yaşanıb. 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu.

Düşmən qüdrətli ordumuzun qarşısında diz çökdü. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan qaçaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir.

Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artıraraq yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Bu tarixi günlərə qısaca nəzər yetirəndə  Paşinyanın o zaman Xankəndidə yuva salmış separatçıların lideri Samvel Şahramanyanı yenidən rəhbər seçilməsi münasibətilə təbrik etməsi artıq bütün əndazələrin keçilməsi idi. Ardınca da sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.

Qondarma rejimin Ermənistan tərəfindən silahlandırması, Qarabağ ərazisində terror aktları törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi.

Antiterror tədbirləri zamanı hərbi mövqelər qəsdən yaşayış məskənləri arasında, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. Habelə siyasi situasiya da kifayət qədər mürəkkəb idi və aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də olmaqla separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə çox qısa zamanda düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir. Lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixi üçün misilsiz səhifədir, bu, birmənalı belədir.

Digər bir tərəfdən xalqımızın həmrəyliyini və döyüş ruhunu, ordumuzun peşəkarlığını xüsusi qeyd etmək çox vacibdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu erməni separatizminin məhv edilməsi üçün böyük vəhdət nümayiş etdirdilər. Bu tarixi qələbədən sonra Azərbaycan Prezidenti ardıcıl və məntiqli addımlar atdı. O, Azərbaycan xalqına müraciətində yeni geosiyasi situasiyada sonrakı tendensiyaların yol xəritəsini ortaya qoydu.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi abadlıq-yenidənqurma işləri ilə yeni bir nümunə yaradıb. Prezident İlham Əliyevin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bunun birgə yaşayış, bölgədə dayanıqlı sülh və sabitlik üçün təhdid yaratması ilə bağlıdır. Bu fikirlər Fransa başda olmaqla Avropa İttifaqının separatizmi dəstəkləyən liderlərinin Ermənistanın revanşist hərəkətləri üçün silah-sursat və milyonlarla dollar vəsait ayrıması fonunda olduqca daha aktual səslənir.

Azərbaycan bölgə dövlətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Hər vəchlə Ermənistanı yeni qanlı toqquşmalara sürükləyənlər sülh sazişinin imzalanmasına mane olurlar. Lakin unutduqları bir fakt daha var, “Dəmir yumruq” yerindədir! Antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı. Bütün dünya Azərbaycan Ordusunun qüdrətinin, peşəkarlığının bir daha şahidi oldu.

Rəşad Aslanov 

Ehtiyyatda olan polkovnik

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
xalq.az

2Mənbələr