AZ

Əli Kərimliyə qarşı şikayətə mahiyyəti üzrə baxılmasına başlanılıb

Sentyabrın 19-da Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Aydın Əliyevin Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə mahiyyəti üzrə baxılmasına başlanıb.

Müdafiə tərəfi ittihamın əsassız olduğu haqqında vəsatət və Kərimlinin ittiham olunduğu hərəkətləri törətmədiyi haqqında dəlillər təqdim edib.

İddiaçı etiraz edərək, vəsatətin "elektron məhkəmə" portalında onun "şəxsi kabinetində" yerləşdirilmədiyini bildirib.

Bununla əlaqədar olaraq hakim ərizəçinin vəsatətlə tanış ola bilməsi üçün iclası oktyabrın 14-nə qədər təxirə salmağa qərar verib.

Xatırladaq ki, fərdi ərizəçi Əliyev Kərimlini Azərbaycan CM-in 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edir.

İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını Aydın Əliyevin şikayətindən sonra ləğv etməsi haqqında şərhini "böhtan" adlandırıb.

Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın  287 "lehinə",  bir  "əleyhinə" səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb".

Kərimli iddianın əsassız olduğunu, "hakimiyyətin sifarişi ilə" məhkəmə tərəfindən qəbul edildiyini bildirib. Şikayət təmin edilsə, Kərimli 6 ayadək azadlıqdan məhrum edilə bilər.

Seçilən
12
turan.az

1Mənbələr