AZ

KTMT baş katibinin Ermənistana “bütün məsələlər üzrə” dialoq təklifi - Nə baş verir?

"KTMT baş katibinin dialoq təklifi sadəcə olaraq, Ermənistanın iddialarını rəsmi şəkildə puça çıxarmaq üçün edilən bir manevrdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli KTMT baş katibi İmanqali Tasmaqambetovun təşkilatın Ermənistana bütün məsələlər üzrə dialoqa hazır olduğu barədə fikirlərini şərh edərkən deyib. 

"Ermənistan rəsmən KTMT-dən çıxmayıb. Ona görə də qurumda həmin təşkilatın digər bütün üzvlərilə bərabər eyni statusa malik olaraq qalmaqdadır. KTMT-nin İrəvanla bütün problemli məsələlər üzrə dialoqa hazır olduğu barədə qurumun baş katibinin açıqlamasına gəldikdə, bilirik ki, Ermənistanın təşkilat qarşısında müəyyən iradları var. İrəvan dəfələrlə bu iradları açıq şəkildə səsləndirib. 44 günlük Vətən müharibəsi dövründə guya KTMT Ermənistanı müdafiə etməyib. Ondan sonrakı dövrdə də Ermənistan KTMT-dən Azərbaycana qarşı istifadə etməyə çalışsa da, yenə də buna nail olmayıb. İrəvanın bu əsassız iradlarına vaxtaşırı KTMT açıq şəkildə cavab da verib", deyə Qulamhüseyn Əlibəyli bildirib.
 


Həmsöhbətimiz deyir ki, KTMT İrəvana, onu yenidən aktivləşdirmək üçün, hər hansı bir məsələdə güzəştə getməyəcək: 

"Ermənistanla dialoq nəticəsidə ona KTMT daxilində xüsusi statusun verilməsi isə təşkilat üzvlərinin ümumi razılığı ilə əldə olunmalıdır. Amma hesab etmirəm ki, İrəvanı yenidən KTMT-də aktiv olmağa sövq etmək üçün dialoq vasitəsilə ona münasibətdə nəyisə güzəştə gedəcəklər. Hesab etmirəm ki, dialoqa hazır olmaq İrəvana nəyisə güzəştə getməyə hazır olmaq deməkdir. KTMT baş katibinin dialoq təklifi sadəcə olaraq, Ermənistanın iddialarını rəsmi şəkildə puça çıxarmaq üçün manevr kimi də nəzərdən keçirilə bilər”. 

Qeyd edək ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov mətbuata açıqlamasında qurumla əlaqələrini donduran Ermənistana dialoq təklif edib. O bildirib ki, KTMT hələ də Ermənistana bərabərhüquqlu tərəfdaş kimi baxır və bütün məsələlər üzrə onunla dialoqa hazırdır. 

"İrəvandan olan kolleqalarla bütün aktual məsələlər ətrafında dialoqa hazırıq”, - o bildirib.

Rüfət Sultan

Seçilən
2
qaynarinfo.az

1Mənbələr