Tarixi vərəqlədikcə mənfur düşmənin terror əməlləri, mənfur xislətləri göz önündə sərgilənir. Haqq, ədalət uğrunda hər zaman mübarizə aparan Azərbaycan dövləti, xalqı zaman-zaman təcavüzkar əməllərindən əl çəkməyən işğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı apardığı terrorla, təxribatla mübarizə aparıb.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bu təxribat ermənilərin həyata keçirdiyi ilk mənfur əməl deyil. Ermənilər 1990-cı ildən bu yana Azərbaycanın ərazi bütövlüyünü pozmaqla yüzlərlə mülki vətəndaşı qətlə yetirib. Həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməlləri Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulmasını və tərk-silah edilməsini, lokal xarakterli antiterror tədbirlərinin həyata keçirməsini qaçılmaz etdi. Haqq, ədalət, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi yolunda uğurla irəliləyən ölkəmiz cəmi bir gün ərzində ermənilərin qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edən terrorçu dəstələri tərk-silah edilərək təslim olmağa məcbur etdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub.
Tarixi zəfərdən sonrakı dövrdə 300-dən artıq Azərbaycan vətəndaşı düşmənin mina terrorundan zərər çəkib. Bunlar arasında dinc sakinlər, uşaqlar, əsgərlərimiz var idi. Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərinin başlıca məqsədi bu ərazilərdə konstitusiya quruluşunun bərpa edilməsi, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, düşmənin genişmiqyaslı təxribatlarının qarşısının alınması, vətəndaşların təhlükəsizliyinin təmin olunması olub.
“Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında keçən qısa vaxt ərzində düşmənin təxribatlarının, yeni planlarının qarşısı alındı. Qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Lokal antiterror tədbirlərinə başlanılması və qısa zamanda uğurla başa çatması, separatçıların "ağ bayraq" qaldırması ordumuzun peşəkarlığının növbəti təsdiqi oldu. Tarixə qızıl hərflərlə yazılan 23 saat 43 dəqiqədə Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoymaqla yanaşı, Azərbaycanın suverenliyinə kölgə salmaq istəyənlərə ciddi mesaj verildi. Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha dünyanın gözü qarşısında vandalizm aktları törətməkdən çəkinməyən, Azərbaycanın tarixi torpaqlarına göz tikən düşmənə başa saldı ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!
Sentyabrın 19-20-də 23 saat 43 dəqiqəyə Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoyuldu. İşğalçı Ermənistanın təcavüzkar terrorçu qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alınması, bir daha təsdiqlədi ki, Azərbaycan öz maraqlarını müdafiə edir, haqqa, ədalətə söykənən mövqeyini dəstəkləyir.
Düşmən işğalından azad olan torpaqlara soydaşlarımız illərin həsrəti ilə yaşadıqları dədə-baba ocaqlarında firavan həyat sürmək niyyəti ilə qayıdırlar.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri