AZ

“ADEX” sərgisinin mətbuat konfransı keçirilib - YENİLƏNİB - FOTOLAR

2024-cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinə ev sahibliyi edəcək. 24-26 sentyabr tarixlərində təşkil ediləcək sərgi 5-ci yubileyini qeyd edəcək. SİA xəbər verir ki, bu gün sərginin mətbuat konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva, “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov, “ADEX” və “Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova iştirak edib.

“ADEX” sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək.

“ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə “Caspian Event Organisers” şirkətidir.

Tədbiri müxtəlif ölkələrin yüksək rütbəli şəxsləri ziyarət edir. Ənənəvi olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ADEX” və “Securex Caspian” sərgiləri ilə tanış olur. Prezident İlham Əliyevin “ADEX” sərgisinə göstərdiyi diqqət və ənənəvi olaraq şəxsi iştirakı tədbirin beynəlxalq müstəvidə və ölkə daxilində strateji əhəmiyyətini nümayiş etdirir və nüfuzunun artmasına böyük təkan verir.

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrə aid xərclər dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün dövlət büdcəsindən 5 milyard manatdan çox vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində isə bu istiqamətdə olan xərclər üçün 5,3 milyard vəsait təsdiq olunub. Bu da ötən illə müqayisədə 200 milyon manat, 2021-ci illə müqayisədə isə 17,1 faiz çoxdur.

“ADEX” sərgisi Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Tədbiri ziyarət edən peşəkarlar müxtəlif ölkələri təmsil edən şirkətlərin təqdim etdiyi müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycanın güc strukturlarının satınalma potensialı ilə tanış ola biləcəklər.

Bu sərgi dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik (Homeland Security) məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Bununla yanaşı, “ADEX” sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaradır.

“ADEX 2022” sərgisini dünyanın 33 ölkəsini təmsil edən 33 hərbi nümayəndə heyəti, o cümlədən 150 rəsmi nümayəndə ziyarət edib. Sərgidə 208 şirkət və 10 milli qrup təmsil olunub, eləcə də 8967 peşəkar ziyarətçi iştirak edib. Sərgini ziyarət edən yüksək rütbəli qonaqlar arasında Türkiyə Respublikasının Baş Qərargah rəisi, Bosniya və Herseqovinanın müdafiə naziri, Belarus Respublikasının müdafiə naziri, Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini, Ruanda Respublikasının müdafiə naziri və digər rəsmilər yer alıb.

Ayşən Vəli

Seçilən
7
1
sesqazeti.az

2Mənbələr