“44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etməyə nail olub. İmzalanan üçtərəfli Bəyanata uyğun olaraq isə sonrakı mərhələdə Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan Azərbaycana təhvil verilib. Ancaq müharibə başa çatsa da, məğlub Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə tələsmədi və manipulyasiyalara əl atdı. Bəhs olunan sənəddə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycan ərazilərindəki hərbi hissələrini geri çəkməklə bağlı idi. 44 günlük müharibədən sonrakı üç il ərzində bu öhdəlik yerinə yetirilmədi”. Bu fikirləri VI çağırış Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Ermənistan ordusunun təxminən 15 minlik kontingenti Azərbaycan ərazilərində qalaraq separatçılıq əməllərini davam etirir, tez-tez təxribatlara əl atırdı. İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz narahatlığını nəzərə çatdıraraq dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına, digər tərəflərə müraciət edib və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının yolverilməz olduğunu əsaslandırıb. Rəsmi Bakı buna son qoyulmasını tələb edirdi. Müharibədən sonra respublikamız Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılsa da, danışıqlar böhran və baş verən silahlı toqquşmalarla müşayiət olundu. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında şərti sərhədlərdə törədildi. Eyni zamanda, mina terroru da davam edirdi. Ermənistandan Laçın – Xankəndi yolu ilə separatçılara çoxlu sayda minalar göndərilirdi. Müharibədən sonra daha da genişlənən mina terrorunda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edildiyi təkzibolunmaz faktlarla təsdiqlənib.
Separatçıların Azərbaycan ərazilərində faydalı qazaıntı yataqlarının qeyri-qanuni istismarını davam etdirmıələri də narahatlıq doğurmaya bilməzdi. Həmin fəaliyyətlər nəticəsində sərvətlərimiz talanır, ekologiyaya ciddi ziyan vurulurdu. Bununla əlaqədar olaraq Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri və ekologiya fəalları 2022-ci il dekabrın 12-dən etibarən Şuşa-Laçın yolunda etiraz aksiyasına başladılar. Onlar separatçıların qanunsuz fəaliyyətlərinə, ərazilərimizə minalar və digər-silah-sursat daşınmasına son qoyulmasını tələb edirdilər. 44 günlük müharibədən sonra 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinə gedən yolda “Laçın” nəzarət-buraxılış məntəqəsinin qurulması çox mühüm bir hadisə oldu. Bununla belə, yeni vəziyyətdə ermənilər növbəti manipulyasiyalara əl atdılar. Belə ki, separatçılar nəzarətsiz qalan torpaq yollarla Xankəndinə Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirməyə cəhdlər göstərdilər.
Millət vəkilinin sözlərinə görə, dövlətimiz Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Eyni zamanda, Azərbaycan dövləti Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri öz vətəndaçları hesab etdiyini bildirirdi. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda birmənalı şəkildə vurğulayırdı ki, erməni əsilli vətəndaşlara da hər cür təminatlar veriləcək və onların təhlükəsizliyi təmin olunacaq. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər reinteqrasiya prosesinə qoşulmalı və daha yaxşı yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməli idilər. Yeri gəlmişkən, erməni əsilli vətəndaşların bir qrupu ilə Xocalıda görüş keçirilmişdi. Azərbaycan prosesin davam etdirilməsini istəyirdi. Ermənilərə Bakıda görüşmək reinteqrasiya prosesini müzakirə etmək təklifləri təqdim olunmuşdu. Bütün bunlar dövlətimizin və cəmiyyətimizin niyyətini ifadə edirdi. Amma özlərini separatçıların “liderləri” adlandıranlar tez-tez Ermənistandan, Fransadan təlimatlar almağa gedir və absurd iddialar səsləndirirdilər. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri saylarını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
2023-cü ilin 19 sentyabr tarixində isə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Antiterror tədbirləri zamanı mülki şəxslər və obyktlər heç bir zərər görmədi, əməliyyat zamanı humanitar qaydalara tam əməl olundu. Sentyabrın 28-də Qarabağdakı separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb və beləliklə də ərazilərimizdə separatizmə birdəfəlik son qoyulub.
“44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatının nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etdilər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişdilər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızı yüksəltdi, Azərbaycanın Zəfər tarixi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yekunlaşdı. Beləliklə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə tarximizin şanlı səhifəsini yazdı”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.