AZ

ABŞ tələb etdi: Ermənistan İranla sərhəddindəki rus qoşunlarını çıxarır

Ermənistan mətbuatında yayılan məlumata görə, Vaşinqton Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılmasını istəyir. Politoloq Suren Surenyants bildirib ki, ABŞ Ermənistana qarşı sərt tələb irəli sürüb. Onun sözlərinə görə, etibarlı məlumat diplomatik kanallar vasitəsilə əldə edilib. Surenyants qeyd edib ki, son günlərin gərginliyi məhz bu problemlə bağlıdır. O, həmçinin, diqqətə çatdırıb ki, ABŞ-dən yenicə qayıdan erməni ekspertlər öz çıxışlarında bu məsələni fəal şəkildə təbliğ edirlər.

Xatırladaq ki, Rusiya sərhədçiləri Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və Ermənistanın milli sərhəd qoşunlarının formalaşdırılması maraqları naminə onların fəaliyyət şərtlərini müəyyən edən 30 sentyabr 1992-ci il tarixli Rusiya-Ermənistan müqaviləsinin 8-ci maddəsinə uyğun olaraq yerləşdiriliblər.

Avqustun 1-dən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd İdarəsi "Zvartnots" hava limanının buraxılış məntəqəsində dövlət sərhədinin mühafizəsini təmin etmək funksiyasını rəsmən dayandırıb. Buna əsas 1 mart 2024-cü il tarixində Ermənistan tərəfinin müvafiq müraciəti olub.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Ermənistan ABŞ-nin rus qoşunları ilə bağlı çağırışına müsbət cavab verə bilər:

"Bir ölkə nəyisə istəyirsə, əlbəttə, əvvəlcə onun milli maraqlara nə qədər uyğun olması hesablanır. Çox prinsipial məsələ deyilsə, istəyə müsbət reaksiya verilir. Rəsmi İrəvan bunu necə qəbul edəcək bilmirəm. Lakin mən hesab edirəm ki, bu, prinsipial məsələ deyil. Bu tələbin əvəzində rəsmi İrəvan Vaşinqtondan daha önəmli istəyi varsa, ona gedə bilər".

N.Nəsibli İran və Rusiyanın reaksiyasının məsələyə təsirinin olub-olmayacağından da danışıb:

"İran Ermənistan üçün strateji əhəmiyyəti olan ölkə deyil. Əlbəttə ki, qonşu ölkədir və bir sıra iqtisadi, enerji məsələlərini İranla ödəyir. Amma Paşinyan hökumətinin ABŞ-dan umacağı daha çoxdur. Bu səbəbdən Ermənistan belə təklif olsa, qəbul edə bilər. Bu, elə də situasiya dəyişdirən məsələ deyil. Sıradan bir məsələdi, həll edərlər".

Politoloq Natiq Miri isə vurğalayıb ki, ABŞ indiki vəziyyətdə Paşinyan hökumətindən bunu tələb edə bilməz:

"Əslində, bu, böyük oyunun tərkibi hissəsi olan stratejidir. Ancaq bunun vaxtı indi deyil. Çünki ABŞ-da anlayır ki, indiki vəziyyətdə bu, Ermənistan rəhbərliyinin və dövlətinin imkanları xaricindədir. Ona görə də indiki vəziyyətdə ABŞ-nin belə bir şeyi tələb etməsinə inanmıram. Bu, sadəcə olaraq, bir şişirtmədir. Növbəti etiraz dalğası ərəfəsində erməni ictimai rəyinə hesablanmış açıqlamalardır. Həqiqəti əks etdirmir".

N.Miri vurğulayıb ki, rus qoşunlarının Ermənistanı tərk edilməsi məsələsini qoymaqla heç nə bitmir.

"Bunu əvəzləyəcək potensial və bunun üçün hazırlıq olmalıdır. Ermənistan ordusunun belə hazırlığı varmı? Ermənistan rəhbərliyi özü də etiraf edir ki, hətta Azərbaycanla sərhədlərin qorunmasında ciddi problemlər var. Məhz bunun göstəricisidir ki, bu gün sərhədlərdə 45 yaşla 70 yaşına qədər ahıl insanlar dururlar. Bu, hazırlıqlı əsgər çatışmazlığının göstəricisidir. Bu cür təyinat olması üçün uzun illərə ehtiyac var. Məhz buna görə Ermənistan ordusunda hazırda islahatlar aparılır və guya gələcəyə hesablanmış peşəkar ordu hazırlanır. Ona görə bu məsələləri elan və bəyan etmək olar. Amma bunun arxasında ciddi fəaliyyət olmalıdır. Belə fəaliyyət varmı? Bu gün Ermənistanın İran və Türkiyə sərhədlərində təhlükəsizliyi məhz Rusiya sərhəd qoşunları təmin edir. Bunu hansı əsgərlə Ermənistan əvəzləyəcək? Bu, gələcək üçün atılması gözlənilən stratejidir", - politoloq deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
turkustan.az

2Mənbələr