İsrailin Livana həyata keçirdiyi kiberhücum nəticəsində İran səfiri də daxil olmaqla, 3000-ə yaxın insan yaralanıb, 10-a yaxın şəxs isə ölüb.
Xarici medianın məlumatına görə, İsrail kiberhücumu çağrı cihazlarına (peycer) edib. İlkin məlumata görə, İsrailin kiberhücumu nəticəsində istifadəçilərin çağrı cihazlarına siqnal göndərilib. Bəzi cihazlar istifadəçilərin əlində partlayıb, bir çoxu isə siqnal səsindən dərhal sonra partlayıb.
Bəs peycer nədir?
Modern.az xəbər verir ki, peycer məlumat göndərmək üçün mobil rabitə cihazıdır. Mobil telefondan fərqli olaraq peycerdə məlumatı yalnız yazılı mətn şəklində göndərmək mümkündür.
Peycerdə hər bir cihaza ünvan kimi xidmət edən fərdi kod verilir. Bu yolla məlumat lazımi abunəçiyə çatır. Mesaj göndərmək üçün abunəçi operatora zəng etməli, peycer nömrəsini verməli və mesajın mətnini diktə etməlidir. Mətnin uzunluğu cihazın imkanları ilə məhdudlaşır (140 simvol).
Peycer ilk dəfə 1956-cı ildə "Motorola" tərəfindən təqdim edilib. İlk istifadəçiləri isə xəstəxana işçiləri olub.
Cihaz 1980-ci illərdə isə geniş yayılmağa başlayıb. Populyarlığının zirvəsində dünyada 163 milyondan çox insan peycerlərdən istifadə edib.
Məlumata görə, 2003-cü ilə qədər ABŞ-da peycer sənayesinin dövriyyəsi 6,2 milyard dollar, 2008-ci ildə isə 2,1 milyard dollar təşkil edib.
Dünyada peycerlərdən hələ də fövqəladə vəziyyətlərdə istifadə olunur, çünki peyjinq şəbəkələri mobil cihazlardan daha etibarlı rabitə təmin edir. 2021-ci ilin əvvəlində dünyada 2 milyondan çox peycer istifadəçisi var idi.
Livanda isə tez-tez elektrik kəsilməsi səbəbindən peycerlər populyardır və onları izləmək mobil telefonlardan daha çətindir.