AZ

Elman Nəsirov: “Bundan sonra heç kim torpaqlarımıza göz tikə bilməz”

“Bir il bundan öncə, sentyabrın 19-20-si tarixlərində Azərbaycan Silahlı Qüvvələri 24 saatlıq antiterror əməliyyatları həyata keçirərək, Qarabağda erməni separatizminin kökünü kəsdi. Bununla da 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığımız tarixi zəfər daha da möhkəmləndirildi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

O bildirib ki, Azərbaycan xalqı bu tarixi günləri böyük fəxarət hissi ilə qeyd edir:

“Biz İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü təmin etmişdik. Lakin bir il öncə baş vermiş tarixi uğur nəticəsində həm də suverenliyimizi tam və qəti şəkildə təmin etmiş olduq. Bu qələbələrin üç qəhrəmanı var. Müzəffər Prezidentimiz cənab İlham Əliyev, onun formalaşdırdığı Milli Ordumuz və “dəmir yumruğ”a çevrilmiş xalqımızdır. 

Bu gün Prezident, xalq, ordu sözləri sinonimləşib və tarixi zəfərimizin simvollarına çevrilib. Xalqımız bu günü böyük fəxarət hissi ilə qeyd edir. 

Çox sevindirici haldır ki, sentyabrın 19-da cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu da bizim üçün böyük məna və əhəmiyyət kəsb edir. Bütün dünya şahidlik etdi ki, Azərbaycan öz tarixi, əzəli, hüquqi torpaqlarının tam sahibidir. Bundan sonra heç kim torpaqlarımıza göz tikə bilməz. Əgər tikərsə, o zaman “dəmir yumruq” hər zaman yerində olacaq”.


Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr