AZ

"Sərəncam Azərbaycan tarixinin ən şərəfli səhifəsi kimi yaddaşımızda qalacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı cənab Prezidentin sərəncamı olduqca böyük tarixi əhəmiyyətə malik sənəddir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.O bildirib ki, dövlət suverenliyimizin təmin olunması, dövlət müstəqilliyimizin bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsi qədər əhəmiyyətlidir: "Bu bizim xalqımızın tarixinin ən şanlı, ən şərəfli səhifələrindən biridir. Cənab Prezidentin sərəncamında da göstərilir ki, 44 günlük şanlı Zəfər müharibəsindən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü təmin etdi. Ondan sonrakı dövrdə isə Qarabağ iqtisadi rayonunda dalbadal baş verən və genişlənən erməni terrorunun aradan qaldırılması və ona son qoyulması məqsədilə 2023-cü ilin sentyabrın 19-da başlayan antiterror əməliyyatı 23 saat ərzində düşmən qüvvələrinin tam darmadağın edilməsi ilə nəticələndi və Azərbaycan ordusunun gücünü, qüdrətini, Azərbaycanın siyasi rəhbərinin, Azərbaycan xalqının iradəsini bir daha dünyaya sübut etmiş oldu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bütün ərazilərimizdə Prezident seçkiləri keçirdik, Milli Məclisə seçkilər keçirdik. İnşallah bu ilin sonunda da bələdiyyə seçkiləri keçirəcəyik. Azərbaycan vətəndaşları keçmiş məcburi köçkün soydaşlarımız ata-baba yurdlarında səs verəcəklər. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə inkişaf edir. Cənab Prezidentin söylədiyi kimi "biz Qarabağı və Şərqi Zəngəzuru bir dünya cənnətinə çevirəcəyik, biz buna çox yaxınıq".Onun sözlərinə görə, Azərbaycanın bölgədə qüdrətinin artması məhz onun suverenliyi, müstəqilliyi, aparılan düzgün siyasətlə ilə bağlıdır: "Suverenliyimizi təmin etdiyimizə görə dünyada bizə olan hörmət daha da yüksəldi, Azərbaycanın beynəlxalq aləmdə imici artdı. Bu mənada biz artıq tamhüquqlu, suveren hüquqi dövlətik. Ərazi bütövlüyümüz də tam təmin olunub. 30 il ərzində müstəqilliyimizin tam təmin olunmasına nail ola bilməmişdiksə, 44 günlük Vətən müharibəsi, həm də 23 saatlıq antiterror əməliyyatı nəticəsində buna nail olduq. Əlbəttə, bu günün təsis edilməsinin, bayram günü kimi qeyd edilməsinin həm də böyük bir tarixi və mənəvi vətənpərvərlik əhəmiyyəti var. Gənc nəslə həmişə bu barədə danışılacaq, məktəbdə dərslər keçiriləcək. Eyni zamanda müəyyən tərbiyəvi işlərin, vətənpərvərlik tərbiyəsinin aparılmasında da cənab Prezidentin sərəncamına istinad olunacaq. Bu, Azərbaycan tarixinin ən şərəfli səhifəsi kimi yaddaşımızda qalacaq, nəsildən-nəslə ötürüləcək. Həmin dövrdə qəhrəmanlıq göstərərək şəhid olanlarımız da yad ediləcəkdir, onlara Tanrıdan rəhmət dilənəcək, xatirələri xalqımızın qəlbində əbədi yaşayacaq. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi "Müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz olmuşdur". 44 günlük Vətən müharibəsi, ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam təmin olunması cənab Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun, Azərbaycan xalqı ilə yumruq şəklində birləşərək həll etdiyi tarixi məsələdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
sesqazeti.az

3Mənbələr