AZ

Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanının xatirə muzeyi açılıb

Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun büstünün və xatirə muzeyinin açılışı olub. Anar Şükürovun təhsil aldığı Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, həmçinin ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Anar Şükürovun məktəbin foyesində ucaldılan büstünün açılışı olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, burada şəhid polkovnik-leytenant Anar Şükürovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid eksponatlar, fotolar, sənədlərin surətləri nümayiş olunur.

Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

Açılış mərasimində çıxışlarda Vətən müharibəsi şəhidlərinin, o cümlədən Anar Şükürovun göstərdiyi qəhrəmanlıqlardan bəhs edilib. Qeyd edilib ki, Vətən uğrunda canını fəda edən igidlərimizin xatirəsi hər zaman əziz tutulur.

Qeyd edək ki, Anar Mehman oğlu Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 16-da Ağdərə istiqamətində şəhid olub. II Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Şükürova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
yeniazerbaycan.com

5Mənbələr