Neftçala rayonu, Azərbaycanın zəngin təbii resurslarına malik bölgələrindən biri olmasına baxmayaraq, sosial və iqtisadi problemlərin təzyiqi altında olan bir rayondur. Ölkənin digər bölgələrində olduğu kimi, Neftçala da illərdir həll edilməmiş və dərinləşmiş problemlərlə üz-üzədir. Bu problemlər rayon əhalisinin gündəlik həyatına mənfi təsir göstərməklə yanaşı, rayonun iqtisadi potensialını da əngəlləyir. Su təminatı, yol infrastrukturu, işsizlik və seçki saxtakarlığı müstəlif sosial problemlər kimi məsələlər, Neftçala rayonunun qarşısında duran əsas problemlər sırasındadır.
Təmiz içməli su və əkin sahələrinin suvarılması: davamlı narazılıqlar
Rayonun əksər kəndləri hələ də təmiz içməli su təminatında ciddi çətinliklər çəkir. Su təchizatının yarımçıq olması, köhnə infrastrukturun yenilənməməsi və qeyri-adekvat su mənbələri kəndlərdə yaşayan əhalinin həyatını çətinləşdirir.
Xüsusilə, içməli su problemi sağlamlıq və gigiyena ilə bağlı məsələləri daha da ağırlaşdırır. Rayon əhalisinin məcburən başqa su mənbələrindən, təmizlənməmiş sulardan istifadə etməsi bəzən xəstəliklərə və sosial narazılıqlara səbəb olur. Müasir su təchizatı sistemlərinin yaradılması və mövcud olanların təkmilləşdirilməsi rayonun bütövlükdə iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir.
Bununla yanaşı, kənd təsərrüfatının səmərəli inkişafı üçün vacib olan suvarma məsələsi də hələ tam həll edilməyib. Kəndlərdə əkin sahələrinin suvarılmasında problemlər, rayonun əsas gəlir mənbələrindən biri olan kənd təsərrüfatının inkişafına böyük mane olur. Su çatışmazlığı fermerlərin məhsuldarlığını azaldır və rayonun kənd təsərrüfatı potensialının tam reallaşdırılmasına imkan vermir.
Suvarma sistemlərinin müasir standartlara uyğunlaşdırılması isə fermerlər üçün daha münbit şəraitin yaradılması və iqtisadi səmərəliliyin artırılması üçün vacib faktotdur ki, uzun illərdir bu problem də tam həllini tapmayıb.
Kənd və qəsəbədaxili yollar: hərəkəti iflic edən bərbad infrastruktur
Neftçala rayonunda kənd və qəsəbədaxili yolların bərbad vəziyyətdə olması ən geniş yayılmış problemlərdən biridir. Əsas əhəmiyyətli sayılan yolların zəif infrastrukturu kəndlərin inkişafını əngəlləyib və əhalinin rayon daxilində və ya qonşu bölgələrə hərəkətini çətinləşdirir. Yalnız bir neçə qəsəbə və kəndi rayon mərkəzi ilə birləşdirən yollar təmir olunub ki, onlar da keyfiyyətsiz olduğundan artıq istismara yararsız hala düşür.
Yol şəbəkəsinin təmirsiz və dağılmış vəziyyətdə olması, xüsusilə qış mövsümündə kəndlərdə həyat şəraitini daha da çətinləşdirir. İqtisadi fəaliyyət, ticarət və kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılması da zəif infrastruktur səbəbindən böyük zərər görür.
Yol problemləri ilə bağlı aparılacaq islahatlar da həm əhalinin gündəlik həyatını asanlaşdırar, həm də rayonun iqtisadi əlaqələrini gücləndirər. Kəndlər arasında daha yaxşı yol şəbəkəsi qurulması, iqtisadi inkişaf üçün böyük önəm daşıyır və əhalinin rayon daxilində asan hərəkət etməsinə imkan verər. Amma təəssüflər olsun ki, uzun illərdir bu problem də tam həllini tapmayıb.
İşsizlik: Neftçala gənclərinin böyük problemi
Rayon sakinlərinin işlə təminatında ciddi problemlər mövcuddur. Neftçala rayonunun əksəriyyəti işsizdir və bu, ən böyük sosial problemlərdən biri kimi qabarır. Xüsusilə, gənclər arasında işsizliyin yüksək olması, onların rayondan köçməsinə və daha böyük şəhərlərdə iş axtarmağa məcbur qalmasına səbəb olur. İşsizliyin yüksək səviyyəsi yalnız iqtisadi problemlər deyil, eyni zamanda sosial narazılıqlara da yol açır.
Rayonun əsas məşğulluq sahələrindən biri olan balıqçılıq sahəsində də böhran yaşanır. Rayon sakinləri üçün ənənəvi gəlir mənbəyi olan balıqçılıq sektoru il-ildən zəifləyir. Balıq ehtiyatlarının azalması və bu sektorda düzgün idarəetmənin olmaması, balıqçı ailələrinin gəlir səviyyəsini aşağı salır və onların dolanışığını daha da çətinləşdirir. Rayonun bütün tarixi böyu balıqçılıqla məşğul olan kəndlərində yaşayanlar çox çətin duruma düşüb. Əkin sahələri, iş yeri olmayan belə ailələr sözün əsl mənasında ümidlərini dövlətin verdiyi sosial yardımlara bağlayıblar. Bu yardımdan da əksəriyyət iş yeri olmadığı üçün yararlana bilmir.
Bu səbəbdən də rayonda iqtisadi inkişafın təmin edilməsi və işsizlik probleminin həlli üçün kənd təsərrüfatı, xidmət sektoru və turizmin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Yeni iş yerlərinin yaradılması, yerli bizneslərin dəstəklənməsi və iqtisadi təşəbbüslərin stimullaşdırılması işsizliyin azaldılmasında mühüm rol oynaya bilər. Amma təəsüflər olsun ki, uzun illərdir bu məsələ də tam həllini tapmayıb.
Seçki saxtakarlığı: siyasi problemlərin dərinləşməsi
Son Parlament Seçkiləri ərəfəsində Neftçala rayonu ölkə miqyasında diqqət mərkəzində oldu. Seçkilərin kobud şəkildə saxtalaşdırılması ilə bağlı yayılmış videogörüntülər, seçki proseslərinin şəffaflığını ciddi şəkildə sual altına düşdü. 70 saylı Dairə Seçki Komissiyasının sədri Ülvi Məmmədzadən müstəqil namizəd Vəfa Nağıyevanın çoxsaylı suallarına aydın və inandırıcı cavab verə bilmədi, bu da seçki nəticələrinin qanuniliyinə böyük şübhələr doğurdu. Üstəlik, nə DSK, nə də MSK bu videolara, faktlara, prosses boyu baş verənlərə, davalara, təhqirlərə konkret və sistemi cavab vermədi.
Rayon sakinləri uzun illərdir ki, yerli nümayəndələrini Parlamentdə təmsil etmək istəsələr də, müstəqillik dövründən bu yana bir dəfə də Neftçala rayonunun millət vəkili seçilməyib. Bu vəziyyət, yerli əhali arasında böyük narazılıqlara səbəb olur. Sakinlər sual verirlər: nə üçün rayonun savadlı və təcrübəli insanları, kadrları yüksək vəzifələrə gətirilmir? Onlar həmçinin rayondan kənar bölgələrdən təyin edilən şəxslərin fəaliyyətindən də narazıdırlar və yerli kadrların daha çox dəstəklənməsini tələb edirlər.
İnternet infrastrukturunun zəifliyi: informasiya boşluğu
Rayonun qarşılaşdığı digər bir mühüm problem isə internet infrastrukturunun bütünlükdə rayon ərazisində təminatsızlığıdır. Müasir dövrdə internetə çıxış əhəmiyyətli sosial-iqtisadi göstərici hesab olunur, lakin Neftçala rayonunda internet təminatı hələ də lazımi səviyyədə deyil. Şəhər və yaxın ətrafı qismən internetlə təmin edilsə də, ətraf kəndlər hələ də "sürünəm internet" istifadəçisidir. Üstəlik son günlərdə internetin qiymətinin artması fonunda imtinaların sayı da günü-gündən artmaqdadır. İnsanlar 25 manat ödəyə bilmədikləri üçün xidmətdən istifadə edirlər.
Bütün bunlarla yanaşı bir çox internet satışı firmalarının öz sistemini qurarkən gələcəyə hesablanmayan dirəklər basdırması və bu infrastrukturun düzgün qurulmaması kənd əhalisinin haqlı narazılığına səbəb olur.
Ümumiyyətlə, rayonun yükəs sürətli internetlə tam təminatı hələ də qalmaqdadır. Bu isə təhsil, biznes və sosial sahələrdə rayon sakinlərinin imkanlarını məhdudlaşdırır. Ucqar kəndlərdə yaşayan gənclərin inkişafına mane olur, informasiya almalarını məhdudlaşdırır.
Dərin islahatlara ehtiyac
Bir sözlə, Neftçala rayonunun sosial və iqtisadi problemləri təcili olaraq həll olunmalı məsələlərdəndir. Bu problemlərin uzun müddət həll edilməməsi əhalinin həyat şəraitini daha da çətinləşdirib və rayondan kütləvi köçün davam etməsinə səbəb olur və olub. Tamamilə su təminatı, yol infrastrukturu, kəndlərarası keçilməz yol problemi, işsizlik, seçki şəffaflığı və internet və diğər sahələrdə genişmiqyaslı islahatların aparılması rayona yeni nəfəs gətirə bilər.
Hökumət və yerli idarəetmə orqanlarının bu sahələrə diqqət yetirməsi Neftçalanın iqtisadi və sosial inkişafına təkan verər, rayonun potensialının tam reallaşdırılmasına şərait yaradar.
Hələlik isə vətəndaşlar sadalananların şahidi ola bilmir...
Bakı-Neftçala-Bakı
Ədil Hüseynov
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta