İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Anar Vaqif oğlu Əliyevdir.
Vətən müharibəsində göstərdiyi sücaətə görə adını tarixə yazan Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Atası və anası ingilis dili müəllimi işlədiyi üçün Anarın ailəsi təyinatla Ağdərə rayonunun Göyarx kəndinə köçüblər. Anar Əliyev ilk təhsilini də Ağdərə rayonunun Göyarx kəndində alıb. Erməni təxribatları genişlənəndə Anar Əliyevin ailəsi də məcburi köçkün düşür. 1988-ci ildə məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndinə pənah gətirdiklərindən Anar orta təhsilini Bəyimsarov kəndində davam etdirib. Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən Anar Əliyev 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Hərb peşəsinin dərinliklərinə yiyələnmək arzusu Anar Əliyevin yolunu daha sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbindən salıb. Anar Əliyev 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Ali təhsilini başa vuran Anar Əliyev Azərbaycan Ordusunun zabiti kimi işə başladığı ilk gündən kəşfiyyat briqadasının tərkibində xidmət edib. İlk dəfə 2001-ci ildə Bakıda “N” saylı kəşfiyyat briqadasında leytenant kimi işə başlayıb. Daha sonra Salyan rayonunda “N” saylı hərbi hissədə xidmətini davam etdirən Anar Əliyevin son xidmət yeri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsi olub.
2002-ci ildə dinləyici kursunu bitirən Anar Əliyev “N” saylı hərbi hissədə xidmətinə davam edib. Anar Əliyev 2002-ci ildən 2004-cü ilədək həmin hərbi hissədə xüsusi təyinatlı tağımın komandiri olub. 2003-cü ildə “baş leytenant” rütbəsi alan Anar Əliyev 2004-2006-cı illərdə hərbi hissənin xüsusi təyinatlı qrup komandiri, 2006-2007-ci illərdə bölük komandiri vəzifəsində xidmət edib. 2007-ci ildən isə “Kapitan” rütbəsi ilə bölük komandiri kimi xidmətini davam etdirib. 2007-2008-ci illərdə taborun bölük komandiri olan Anar Əliyev 2008-2009-cu illərdə xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifələrini icra edib. 2009-cu ildən 2012-ci ilədək xüsusi təyinatlı dəstə komandiri vəzifəsini icra edən Anar Əliyevə Müdafiə Nazirliyinin əmrinə əsasən “mayor” rütbəsi verilib.
2014-cü ildə Hərbi Akademiyanı bitirən Anar Əliyev Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilib. 2015-ci ildə isə müstəsna xidmətlərinə görə Anar Əliyevə vaxtından əvvəl “polkovnik-leytenant” rütbəsi verilib. Anar Əliyev 2014-cü ildən 2015-ci ilədək “N” saylı hərbi hissənin qərargah rəisi, 2015-ci ildən 2018-ci ilədək komandir, 2018-ci ildən 2020-ci ilədək hərbi hissənin komandiri vəzifəsini icra edib.
2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində keçirilən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunub. Anar Əliyev bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti kimi bu döyüşlərdə daha çox fərqlənib. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib. Həmin əməliyyatda Anar Əliyev xüsusi sücaəti ilə fərqlənib.
2003-2019-cu illərdə Anar Əliyev Türkiyə, Çexiya, Macarıstan, Rumıniya, Pakistan, İsveçrə Konfederasiyası, Sloveniya və İordaniya Krallığında keçirilən müxtəlif təlimlərdə iştirak edib.
2020-ci ilin iyunundan hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Anar Əliyev 44 günlük Vətən Müharibəsi zamanı da bu vəzifəni icra edib. Anar Əliyev 2020-ci ilin 27 sentyabrından başlanan 44 günlük Vətən Müharibəsinə 11 oktyabr 2020-ci ildən qoşulub. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlər nəticəsində strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilib. Anar Əliyevin komandirliyi ilə xüsusi təyinatlı briqada Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndlərini işğaldan azad edib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlar nəticəsində oktyabrın 1-də Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. Oktyabrın 16-da Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edərək həmin ərazilərdə Azərbaycan ordusunun nəzarətini təmin edib. Anar Əliyevin komandirliyi ilə oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğalına son qoyulub. Həmin gün Anar Əliyev “N” saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunub. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun qrupuna yol açıb. Daha sonra Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilib. Həmin gün Ali Baş Komandan İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini ictimaiyyətə açıqlayıb. Polkovnik-leytenant Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə Ali Baş Komandan İlham Əliyevə məruzə edib.
Anar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Anar Əliyevin komandirliyi ilə oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad olunub. Həmin gün Anar Əliyevin komandirlik etdiyi bölməyə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, “772 metr” yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilib.
Həmin əməliyyat zamanı polkovnik-leytenant Anar Əliyev və ona tibbi yardım göstərmək istəyən leytenant Adil Əfəndiyev vurulub. Qəhrəman zabitimizin nəşi oktyabrın 23-də mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilir. Anar Əliyev oktyabrın 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Əliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan başqa Anar Əliyev “Vətən uğrunda” və “Şuşanın işğaldan azad olunması” medalları ilə təltif olunub.
Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin adının əbədiləşdirilməsi üçün Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbi və Tərtər rayonunda küçələrdən birinə Anar Əliyevin adı verilib.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.