Bakı, 19 sentyabr, AZƏRTAC
Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu lokal xarakterli antiterror tədbirlərinin başa çatmasından bir il ötür. Mövzu ilə bağlı polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov və publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova “Antiterror əməliyyatı bütün Qafqazda dayanaqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır” adlı məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.
Qısa müddətdə, yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatından bəhs edərkən, bir neçə məqamı xüsusi olaraq qeyd etmək lazımdır. Bunlar, əməliyyatın keçirilməsini labüd edən şərait, yaranmış zərurət, peşəkar icra və uğurlu nəticələrdir!
Müdafiə Nazirliyi indiyədək əməliyyatla bağlı bir çox maraqlı fakt ictimailəşdirilib, vacib məqamlar haqqında geniş məlumat paylaşşıb. Biz də öz növbəmizdə bu tarixi hadisəyə münasibət bildirmək, əməliyyatın əhəmiyyəti, nəticələri və digər mövzular haqqında mülahizələrimizi oxucularla bölüşmək istərdik.
Təbii olaraq, ilk növbədə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsini bir daha hörmət və ehtiramla anır, onların ailə üzvləri və yaxınlarına səbir, döyüşlərdə yaralanan hərbi qulluqçularımıza isə uca Allahdan şəfa diləyirik.
Uğurlu antiterror əməliyyatı Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, Vətən sevgisinin və döyüşlərdə iştirak edən Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Xüsusi vurğulanmalıdır ki, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən postmüharibə dövründə Ermənistanın təxribatlardan və işğalçılıq siyasətindən əl çəkməyərək sərgilədiyi qeyri-konstruktiv davranışlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdi.
Antiterror əməliyyatını zəruri edən ən əsas şərtlərdən biri də üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması istiqamətində Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırması idi. Silahlı birləşmələrinin qalıqlarını Qarabağdan tam həcmdə çıxarmayan Ermənistan tərəfi, qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi ilə bağlı tədbirləri də görmədi. Bu da azmış kimi, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyi dövlət səviyyəsində Qarabağ iqtisadi zonasında beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq mövcud Ermənistan silahlı birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təminat məsələlərini həll etmək məqsədilə gizli yollarla qanunsuz daşımalar həyata keçirməkdə davam edirdi. Buna cavab olaraq əvvəlcə ekofəalların iştirakı ilə uzunmüddətli aksiya həyata keçirildi. Lakin bu dinc aksiyaya da düzgün reaksiya verilmədiyini görən dövlətimiz daha ciddi tədbirlərin görülməsi məcburiyyətində qaldı. Ermənilərin təxribatlarına cavab olaraq, qanunsuz hərbi daşımalar həyata keçirmə cəhdlərinin qarşısını almaq məqsədilə 2023-cü il aprelin 22-dən 23-nə keçən gecə Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Ordusu bölmələrinin birgə fəaliyyəti sayəsində Həkəri çayı üzərindəki körpüdə sərhəd buraxılış məntəqəsi quruldu. Nəticədə həmin istiqamətdən bütün hərəkət və daşımaların Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq həyata keçirilməsi təmin olundu.
Bundan əlavə, Azərbaycan tərəfinin dəfələrlə etdiyi sülh çağırışları, bölgədə dayanıqlı sülh və əmin-amanlığın təmin olunması məqsədilə təcili danışıqlara başlamaq haqqında bəyanatları, eləcə də sülh müqaviləsi imzalamaq haqqında irəli sürdüyü təkliflərin də Ermənistan tərəfindən etinasız qarşılanması, qeyri-adekvat münasibətin sərgilənməsi, dövlətimizi 2020-ci ildə olduğu kimi, yenə də tarixi ədalətin bərpası naminə real addımlar atmaq məcburiyyəti qarşısında qoymuşdu.
Digər məqam isə regiondan kənar qüvvələrin, eləcə də havadarlarına arxalanaraq, erməni cəmiyyətindəki hələ də revanşist xülyalarla yaşayan bəzi qüvvələrin ölkəmizə qarşı müxtəlif üsullarla təhrikedici fəaliyyətlər yerinə yetirməyə çalışması idi. Amma revanşist erməni təbəqəsi anlamaq istəmirdi ki, regionda artıq yeni reallıqlar yaranıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin və xülyalarla yaşayan revanşist qüvvələrin bu reallıqla barışmamaq üçün çapalaması Ermənistanı inkişafdan, səmərəli əməkdaşlıqdan və nəhəng layihələrdən təcrid etməkdə davam edir.
Antiterror əməliyyatı ilə bağlı diqqət yetirilməli daha bir maraqlı fakt isə Ermənistan rəhbərliyinin dəstəyi ilə erməni silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin, eləcə də separatçı rejimin Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatlara zəmin yaratması, hazırlaşması və təxribat-diversiya aktlarını təşkil etməsidir. Silahlı Qüvvələrimizin keçirdiyi antiterror əməliyyatı üçün zərurət yaradan ən əsas amillərdən biri də ermənilər tərəfindən törədilən bu cür təxribatlar idi. Bu təxribat-diversiya aktları yalnız ordumuzun bölmələrinə deyil, eyni zamanda, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslərə və Böyük Qayıdışla bağlı Dövlət Proqramına müvafiq olaraq, öz doğma yurd yerlərinə dönən dinc sakinlərə qarşı yönəlmişdi. Ermənistan dövlətinin birbaşa dəstəyi və müdaxiləsi ilə Qarabağ iqtisadi zonasında və şərti dövlət sərhədi boyunca, atəşkəs rejiminin pozulması hallarını nəzərə almasaq belə, postmüharibə dövründə ən azı 30-a yaxın təxribat-diversiya hadisəsi baş vermişdi. Bütün təxribatların qarşısı həmin istiqamətlərdə dislokasiya edilmiş bölmələrimizin sayıqlığı sayəsində dərhal, qətiyyətlə, adekvat tədbirlər nəticəsində alınıb, Ordumuz hər hadisə zamanı uğur qazanıb, düşmənə layiqli cavab verib.
Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycanın üzləşdiyi ən çətin problemlərdən biri işğal dövründə ermənilər tərəfindən talan edilmiş, viran qoyulmuş yaşayış məntəqələrimizin bərpası idisə, digər çətin məqam - azad edilmiş ərazilərin minalar və partlamamış silah-sursatla həddən artıq çirklənməsi idi. Beləliklə, Ermənistanın xalqımıza qarşı apardığı mina terroru Vətən müharibəsindən sonra da davam etdi. Mina terrorunun davamlı olması məqsədilə Ermənistan ordusunun qalıqları yenidən minalanma fəaliyyətini həyata keçirirdi. Basdırılan minaların 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların olması, onların əsasən yaşayış məntəqələrində və qəbiristanlıqlara yaxın ərazilərdə, meşələrdə, magistral və təminat yollarında, ümumilikdə 100 km-ə yaxın ərazilərdə basdırılması Ermənistan tərəfinin nə qədər “mehriban qonşuluq şəraitində yaşamaq üçün çalışan və sülhsevər dövlət” olduğunun açıq-aydın göstəricisidir. Bu barədə də faktlar yetərincədir və toplanılmış foto-video məlumatlar beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırılıb. Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistanın mina terroru nəticəsində zərərçəkmiş Azərbaycan vətəndaşlarının statistikası da bu deyilənlərə əyani sübutdur.
Antiterror əməliyyatının əhəmiyyətindən söz açarkən, mütləq mənada qeyd edilməli fakt - ərazilərimizdə qalmış Ermənistan hərbi birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin sərəncamında olan silah-sursat arsenalıdır. Bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi rəqəmlər və faktlara fikir versək, Qarabağ iqtisadi rayonundakı erməni silahlı birləşmələrinin arsenalının dəhşət doğurucu miqyası barədə aydın təsəvvür yaranır. Bir sutkadan az davam edən antiterror əməliyyatı zamanı Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemi, 14 minaatan qurğusu, 3 zenit kompleksi, 8 REM vasitəsi, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edilib. Eyni zamanda, əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18 min 664 atıcı silahın düşməndən müsadirə edilərək götürülməsi, dövlətimizin haqlı mövqeyinin əyani sübutudur. Ən kobud hesablamalara görə antiterror əməliyyatından sonra ermənilərdən müsadirə edilmiş döyüş sursatları, ağır silahlar, zirehli texnika və digər hərbi əmlakın ümumi dəyəri təqribən 1 milyard ABŞ dollarına yaxındır. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə təqribən 5 milyard ABŞ dollarına yaxındır. Hər hansı bir dövlət, təbii olaraq Azərbaycan dövləti də öz suveren ərazisində belə bir təhlükəli quldur yuvasının, düşmən ocağının mövcudluğu ilə heç bir vəcdlə barışa bilməzdi, barışmadı da. Fikrimizcə, təəssüf doğuran əsas məqam isə beynəlxalq qurumların bu faktlara laqeyd yanaşması və etinasız qalması idi.
Rəsmi mənbələrə görə 13 istiqamətdə həyata keçirilmiş antiterror əməliyyatının unikallığını əks etdirən bəzi xüsusiyyətlər haqqında qısa olaraq bəhs etmək istərdik. Əməliyyata əvvəlki təcrübələrə əsaslanaraq, günorta saatlarında və əlverişsiz hava şəraitində başlanılmaqla, həm bölmələrimizin sürətli hərəkət etməsi, həm də düşmənin qəfil yaxalanması təmin edilmiş oldu. Kütləvi artilleriya atəş zərbələrinin dəstəyi ilə irəliləyən bölmələrimiz tərəfindən qısa müddətdə bütün yolların nəzarət altına alınması və əraziyə giriş-çıxışın bağlanması üzrə tapşırıqlar uğurla yerinə yetirilmişdi.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi göstərişinə əsasən, qarşıya qoyulmuş tapşırıqlar bölmələrimizin şəxsi heyəti arasında minimum itki ilə icra olunub. Tapşırıqların icrası zamanı dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarılıb, qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə tez zamanda yüksək uğurlara nail olub. Qısa vaxtda 90-dan çox döyüş mövqeyi düşməndən təmizlənib, həmçinin erməni təxribat qrupları, könüllü dəstələrin döyüş hazırlığı və atış çalışmaları icra etmək üçün inşa edilmiş 11 təlim və tədris mərkəzi ləğv olunub. İri həcmli hərbi birləşmələr əməliyyata cəlb edilməyib, yalnız müxtəlif qoşun növlərini təmsil edən, tərkibi çox da böyük olmayan qruplar döyüş tapşırıqlarının icrasını təmin edib. Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmət nümayiş etdirərək, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan, zərbələr endirmədən, yaşayış məntəqələrinə daxil olmadan, erməni əsilli mülki əhali ilə təmasa girmədən antiterror əməliyyatı keçirib. Əməliyyatda iştirak edən bölmələrimizin arxasınca hərəkət edən Daxili Qoşunların bölmələrinə mülki əhalini silahlı toqquşmadan təcrid etmə tapşırığı verilib.
Erməni hərbçiləri tərəfindən əksər hərbi obyektlərin və bəzi dayaq məntəqələrinin, hətta atəş nöqtələrinin mülki infrastruktura bənzər vəziyyətdə maskalanmasına baxmayaraq, əməliyyatın planına uyğun olaraq, müşahidə vasitələrimizin sayəsində və kəşfiyyat məlumatları əsasında əvvəlcədən koordinatları dəqiqləşdirilmiş yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.
Əməliyyat çərçivəsində Ermənistan silahlı birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin ön xətt və dərinlikdə hazırladığı 500-dən artıq döyüş mövqeyi, müxtəlif tipli artilleriya qurğuları yerləşdirilmiş 350-dən artıq uzunmüddətli atəş nöqtələri, eləcə də xeyli sayda döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanın təslim olmağa məcbur edildiyi döyüşlər nəticəsində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizləndi və əməliyyat zamanı düşmən ölü və yaralı olmaqla şəxsi heyət sarıdan 924 itki verdi. Lakin düşmənin itkiləri daha çox da ola bilərdi və buna bölmələrimizin bütün imkanları var idi. 18 minlik ordunun bu qədər az itki ilə tərksilah edilməsi və Ermənistanın işğalçılıq siyasətinin girovuna çevrilmiş erməni əsilli sakinlərin zərər görməsin deyə silahlı toqquşmadan təcrid olunması əməliyyatın unikallığının göstəricisi və dövlətimizin yürütdüyü humanist siyasətə dəlalət edən ən tutarlı faktdır. Müqayisə üçün Qarabağ müharibəsi döyüşlərinin hər hansı bir əməliyyatında şəhid olan soydaşlarımızın sayını deyil, sadəcə Xocalı faciəsi zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri vəhşiliyi, qətlə yetirilən dinc azərbaycanlıların statistikasını nəzərdən keçirmək kifayətdir. Çünki tarix boyu ermənilərin əsas məqsədi yalnız milli mənsubiyyətinə görə azərbaycanlıları maksimum dərəcədə qətlə yetirmək, əlil etmək idi. Bizim məqsədimiz isə sadəcə torpaqlarımızı azad etmək, ədalətin bərqərar olmasını təmin etmək idi.
Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin günahı ucbatından Qarabağ iqtisadi zonasından çıxarılmayan işğalçı dövlətin ordusunun qalıqları və separatçı rejimin təxribat-diversiya planlarına xidmət edən qeyri-qanuni erməni silahlı dəstələri ilə bağlı təqdim etdiyimiz statistika, məsələnin nə qədər böyük olduğunun, eyni zamanda, Azərbaycan dövləti üçün antiterror əməliyyatının taleyüklü bir məsələ olduğunun göstəricisidir. Bu məsələ kökündən həll olunmasaydı, düşmən qüvvələr zərərsizləşdirilməsəydi, külli miqdarda silah-sursat, texnika məhv edilməsəydi, müsadirə olunmasaydı, bu qədər silah-sursatın gələcəkdə bütün bölgədə hansı fəsadlara, xalqımız üçün hansı faciələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ordumuzun peşəkarlıqla həyata keçirdiyi antiterror əməliyyatındakı uğurlarını yüksək qiymətləndirdi, əməliyyatda iştirak edən hərbçilərimiz dövlət təltiflərinə layiq görüldülər. Bu diqqət və qayğı hərbçilərimizi Vətənimizin keşiyində daima ayıq-sayıq dayanmağa və üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməyə, hər bir əmrə hazır olmağa ruhlandırır. Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın şəxsi nəzarəti altında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində, təxminən 23 saata uğurla başa çatması ədalətin, Vətən sevgisinin və peşəkarlığın təntənəsidir. Antiterror əməliyyatı bütün Qafqazda dayanıqlı, sülhə, əmin-amanlığa, firavan həyata və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır.
Günü-gündən qüdrətlənən qələbələr carçısı, qalib Azərbaycan Ordusu daima qürur mənbəyimizdir. Xalq ordumuza inanır və güvənir. Bu inam və güvənc ordumuzun gələcəkdə də böyük zəfərlər qazanacağının təminatıdır.
Mənbə: AZƏRTAC