AZ

“20 sentyabrı qeyri-iş günü etmək doğru olmaz” – Fazil Mustafa

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Beləliklə, 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, bu tarix ölkəmizdə dönüm nöqtəsi olaraq qiymətləndirilməlidir:

“20 sentyabr bizim tariximizin ən ciddi dönüm nöqtələrindən biridir. Uzun müddətdən sonra ilk dəfədir ki, Azərbaycan öz suverenliyini bütöv şəkildə görə bildi. Hətta sovet dövründə belə Qarabağ hüquqi cəhətdən Azərbaycanın tabeliyində olsa da, faktiki olaraq biz bu ərazilərə tam şəkildə müdaxilə etmək imkanına malik deyildik. Bir daha qeyd edirəm, uzun müddətdən sonra ilk dəfə bu ərazilərin sahibi kimi özümüzü hiss edirik və ona görə də ölkə Prezidenti də bunun məhz tarixi əhəmiyyətini və vacib bir tarixi dəyərini qiymətləndirərək bunu Dövlət Suverenliyi Günü günü kimi qeyd edir və bununla bağlı ayrıca sənəd imzalayıb. Bu gün xüsusi olaraq qeyd olunmalıdır. Hər il tariximizdə dönüm nöqtəsi olaraq qiymətləndirilməlidir və biz Azərbaycan tarixinin bu səhifəsini ən böyük, şərəfli tarixi səhifəsi kimi qiymətləndirməliyik”.

Siyasətçinin fikrincə, 20 sentyabrı qeyri-iş günü təyin etmək doğru olmaz.

“Bu günün qeyri-iş günü elan olunması nəzərdə tutulmayıb. Çünki bizim Dövlət Müstəqilliyi Günü qeyri-iş günüdür və ondan sonra əsas Dövlət Müstəqilliyi Günü bizim üçün ən öndə olan bir tarixdir. Onunla müəyyən mənada çiyin-çiyinə boy göstərəcək günlərimiz var ki, qeyri-iş günüdür. Bunun da məqsədəuyğunluğuna baxılmalıdır. Hansı formada bunu təqdim etmək daha doğru olar. Mənim fikrimcə, bayramların sayı çox ola bilər, amma bunların hamısını qeyri-iş günü kimi qeyd etmək bir az müəyyən problemlər yaradır. Çünki qeyri-iş günlərinin sayını təqvimdə hədsiz çoxaltmaq olmaz, o baxımdan da elə Dövlət Müstəqilliyi Günü qeyri-iş günüdür, amma qalan günlər isə məncə iş günü olsa da, bayram kimi qeyd oluna bilər”, – deyə Fazil Mustafa bildirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
nocomment.az

2Mənbələr