AZ

“ABŞ-dəki dinləmələrin məqsədi bizimlə münasibətləri gərginləşdirməkdir” – XİN


“ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.
O, “ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib. ABŞ Konqresində Azərbaycan əleyhinə keçirilən bu tədbiri necə şərh edərdiniz?” sualına belə cavab verib:
“Bu, ABŞ Konqresindəki bəzi qrupların Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti təzahürüdür.
Təəssüf ki, ABŞ-nin milli təhlükəsizlik maraqlarından daha çox öz daxili mülahizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilən bilən bütün çərçivələri aşır.
Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir”.
XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib:
“Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur.
Bununla yanaşı, erməni diasporu tərəfindən maliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu kimi bəyanatları qətiyyətlə pisləyirik. Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistanda fundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olardı.
Dinləmələrdə istinad edilən qondarma “Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının “Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir.
Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departamentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu tip tədbirlərə qarşı müvafiq tədbirlərin görülməsini gözləyirik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
44
yeniavaz.com

10Mənbələr