AZ

Fazil Qasımovun ev dustaqlığına buraxılması və cinayət işinə xitam verilməsi barədə vəsatətlər təmin edilməyib

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin məhkəməsi keçirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda Fazil Qasımov vəkilləri ilə təkbətək ünsiyyət qurmaq vəsatəti verib.

Məhkəmə vəsatəti təmin edib. Məhkəmə zalı boşaldılaraq Fazil Qasımovun vəkilləri ilə ünsiyyətinə şərait yaradılıb.

Daha sonra məhkəmə digər vəsatətlərin müzakirəsi ilə davam edib.

Vəkil Rövşanə Rəhimova Fazil Qasımovun 97 gündür aclıq etdiyini əsas gətirərək, onun ev dustaqlığına buraxılması üçün vəsatət verib.

Vəkil, həmçinin, bildirib ki, bu cinayət işi Qubad İbadoğlunun cinayət işi ilə birlikdə başlayıb. Lakin indi Qubad İbadoğlu səhhəti ilə əlaqəli evdə, Fazil Qasımov isə həbsdədir.

Dövlət ittihamçısı Fazil Qasımovun aclıq edərək məhkəməyə təzyiq göstərmiş sayıldığını bildirib: “Fazil Qasımov aclıq etmək yerinə, sübutlar gətirərək məhkəmə istintaqının araşdırılmasına kömək etməlidir. Aclıq etmək ucuz çıxış yoludur”.

Məhkəmə müşavirədən sonra ev dustaqlığı və cinayət işinə xitam verilməsi barədə vəsatətləri təmin etməyib.

Proses oktyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb.

İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

Seçilən
84
9
nocomment.az

9Mənbələr