AZ

Zəfərnamə: Suverenliynə uzanan 24 saat

Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.” öhdəliyi icra edilmədi.

Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.

Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.

Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü “Laçın” koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi.

Bu baxımdan, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı.

Düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.

Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi.

“Qisas qiyamətə qalmayacaq” deyərək 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Düşmən ağ bayraq qaldıraraq tam təslim oldu və intiqamı qədər əfvi də böyük olan xalqımızdan aman dilədi. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və imkan düşən kimi xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən sözdə “prezidentlər”, “nazirlər” və “generallar” bir-bir həbs edildi.

24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Doğrudur, bu əməliyyatlar itkisiz ötüşmədi. Əməliyyatlar öncəsi və antiterror tədbirləri zamanı 202 hərbçi və polisimiz, o cümlədən 1 mülki şəxs həlak oldu, 500-dən çox yaralılarımız qeydə alındı. Bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfalar diləyir və onların qarşısında baş əyirik!

Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. Düzdür, buna qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu.

Artıq 1 ildir ki, Azərbaycan bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.

Bu anların hər biri şanlı tariximizə yazılan zəfər səhifələridir. Yaşasın dövlətimiz, yaşasın xalqımız, yaşasın bütöv və suveren Azərbaycan!

Rəşad Bayramov

 “İctimai.az” informasiya portalının baş redaktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
dogru.az

2Mənbələr