AZ

"Qarabağ"ın futbolçularını düşündürən və utandıran

"Qarabağ" Çempionlar Liqasına vəsiqə qazana bilməsə də, mövsümə uğurlu start verdiyini demək olar.

Ağdamlılar ardıcıl 11-ci dəfə avrokuboklarda qruplara qala bildi.

Ötən mövsümkü kimi bu dəfə də kollektiv gücünü Avropa Liqasında sınayacaq.

Premyer Liqada isə keçirdiyi 5 matçda aktivinə 4 qələbə yazdıra bilib. "Şamaxı" ilə təxirə salınmış matçda əldə ediləcək mümkün 3 xal komandanı son illər görməyə alışdığımız birinci pilləyə geri qaytaracaq.

Lakin bu da o demək deyil ki, "köhlən atlar"da problem yoxdur.

Xüsusilə müdafiə xətti ilə bağlı narahatlıq diqqətdən qaçmır.

Kevin Medina özünə bənzəmir, Bədavi Hüseynovun təqaüd yaşı özünü hər keçən gün daha da biruzə verir.

Marko Veşoviçin yoxluğu aydın sezilir. İlk matçlar böyük ümid verən Koxalskinin "Səbail"lə görüşdəki xətası həyəcan siqnalı sayıla bilər.

Boşluqların nəticəsidir ki, statistika da "Qarabağ"ın yanında deyil.

Bu mövsüm arxada qalan 11 matçdan yalnız 3-də qapını toxunulmaz saxlama mümkün olub.

Söhbət Premyer Liqadakı "Kəpəz" (3:0) və Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln"lə iki matçda (2:0, 5:0) qapısını toxunulmaz saxlaya bilib. Heç də ciddi, iddiası olmayan rəqiblərdir.

Digər 9 matçda isə rəqiblər köhlən atların qapı torunu ən azı 1 dəfə silkələyib.

9 oyunun cəmində buraxılan qol sayı isə nə az, nə çox 13-dür.

Vacib oyunlar öncəsi bu cür tablo narahatlıq gətirməyə bilməz.

Ümid edək ki, ən qısa zamanda "köhlən atlar"ın üzvləri bu tablodan utanmaqla bərabər, həm bir dərs çıxaracaqlar.

Ki, ağır qrafikə qədəm qoymağa hazırlaşan Avropa fatehimiz üçün ağır qəza(lar)dan qaçmaq məhz müdafiənin necə etibarlı olmasından çox asılı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr