İçərisində 37 sərnişin və 4 ekipaj üzvü olan KLM təyyarəsinin pilotu qəfil huşunu itirib.
Sfera.az xəbər verir ki, insident uçuşdan cəmi üç dəqiqə sonra, təyyarə təxminən 3 km yüksəkliyə çatanda baş verib.
İstintaq müəyyən edib ki, səhər saat 8:22-də havaya qalxandan dərhal sonra 35 yaşlı birinci pilot həmkarına özünü pis hiss etdiyini deyərək oturacağında yıxılıb. Təyyarə Dublindən (İrlandiya) Amsterdama (Hollandiya) uçub. Ekipaj komandirinin həmkarını özünə gətirmək üçün cəhdləri heç bir nəticə verməyib. Onunla yüksək səslə danışıb, çiynindən itələsə də, cavab ala bilməyib.
Komandir dərhal ekipaja kömək üçün müraciət edib, təcili çağırış düyməsini sıxıb və kabinənin qapısını döyüb. Pilotun tez bir zamanda özünə gəlməsinə baxmayaraq, o, işə yararsız elan edilib.
Tezliklə hava hərəkətinin idarə edilməsinə həyəcan siqnalı, təyyarəni Dublin hava limanına qaytarmaq üçün icazə və tibbi xidmətlərə zəng etmək tələbi gəlib.
Bu vəziyyətlə bağlı sərnişinlər də məlumatlandırılıb və enişdən sonra onlara əlavə göstərişlərin veriləcəyi qeyd edilib.
Aparılan araşdırma nəticəsində təyyarənin quş sürüsü ilə toqquşması nəticəsində təyyarənin burnunda zərbə yarandığı müəyyən edilib. Toqquşma heç bir texniki problem yaratmasa da, pilota təsir edə bilərdi.
Xəstənin tibbi müayinəsi zamanı vəziyyətinin qan təzyiqinin aşağı olması, ehtimal ki, hündürlüyün dəyişməsi, kifayət qədər su və qida qəbulunun olmaması ilə əlaqədar olduğu müəyyən edilib.
Aysel
Sfera.az