ABŞ-da prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahı respublikaçı Donald Trampın seçki kampaniyası ilə bağlı iranlı hakerlər tərəfindən oğurlanaraq demokratlara təhvil verildiyi iddia edilən sənədlərdən istifadə etmədiyini bildirib.
APA xəbər verir ki, Milli Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və Kibertəhlükəsizlik Agentliyi sentyabr ayının 18-də iranlı hakerlərin Tramp kampaniyasının daxili sənədlərini oğurlayaraq mediaya və ABŞ-ın hazırkı lideri Co Baydenlə əlaqəli şəxslərə göndərdiklərini açıqlayıblar.
ABŞ-ın vitse-prezidenti olan Harrisin seçki qərargahı “The Hill” qəzetinə bildirib ki, bu materiallar istifadə olunmayıb. Harrisin seçki qərargahının üzvləri də əmin ediblər ki, bu cür materialları alan mütəxəssislər onların fırıldaqçılar tərəfindən göndərildiyinə inanırlar və İranla hər hansı əlaqədən xəbərsizdirlər.
ABŞ kəşfiyyat orqanlarının fikrincə, İran ABŞ-dakı seçkilərə nifaq salmağa və etimadı sarsıtmağa çalışır.