AZ

İqtisadi müstəqilliyimizin TƏMƏLİ – Tarixi zəfərlərimizdə “Əsrin müqaviləsi”nin STRATEJİ ROLU – TƏHLİL

30 il əvvəl - 20 sentyabr 1994-cü ildə Bakının “Gülüstan sarayı”nda “Əsrin müqaviləsi” imzalandı. Bu o dövr üçün çox böyük hadisə idi. Bunun da bir sıra siyasi-iqtisadi və sosial səbəbləri vardı.

Məlumdur ki, keçmiş SSRİ-nin bir sıra ölkələri zəngin karbohidrogen ehtiyatlarına sahibdir. Avropanın da bu ehtiyatlara çox böyük ehtiyacı vardı. Lakin Qərb keçmiş sovet ölkələrinə çox ehtiyatla yanaşırdı. Hətta bu ölkələrlə münasibət qurmağa belə tələsmirdi.
 

MÖVZU İLƏ BAĞLI:

“Əsrin müqaviləsi”nə gedən ƏZABLI YOL – Heydər Əliyevin NEFT STRATEGİYASI 


Təsadüfi deyil ki, Rusiya, Qazaxıstan və Türkmənistan kimi zəngin karbohidrogen ehtiyatları olan ölkələrin heç biri ilə Qərbin aparıcı şirkətləri təmas qurmurdu. Amma “Amoko”, BP, “MakDermott”, “Yunokal”, “Statoyl”, “Ekson”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta” və digər nəhəng şirkətlər müstəqilliyin ilk illərindən Azərbaycana gəlməyə can atırdı. 

Bunun da iki səbəbi vardı.

Birinci səbəb o idi ki, Azərbaycandan Avropaya tranzit imkanları daha əlverişli idi. Bundan əlacə, Azərbaycanın siyasi rəhbərliyi Qərblə münasibətdə daha səmimi və qətiyyətli idi. Baxmayaraq ki, Azərbaycan həmin illərdə müharibə şəraitində idi və inşa ediləcək neft kəmərləri təmas xəttinin 80-90 kilometrliyindən keçəcəkdi. Digər tərəfdən, ölkədə “hərbi müxalifət” hələ də qalırdı. İqtisadiyyatda infilyasiya hər gün yeni sürət alırdı. 

Bütün bunlara, rəğmən dünyanın iqtisadi gücləri 20 sentyabr 1994-cü ildə “Gülüstan sarayı”na toplaşdı. “Əsrin müqaviləsi”nin imzalanma mərasiminə bir çox dövlətlərin rəsmiləri də qatılmışdı. Bir sözlə, sentyabrın 20-də Azərbaycan dünya üçün yenidən doğulurdu. Qərb Azərbaycanı kəşf etməyə başlayırdı. Bütün bu tarixi hadisələrin ssenari müəllifi və memarı Ulu öndər Heydər Əliyev idi. 

Məhz onun müdrik və uzaqgörən siyasəti hesabına dünya nəhəngləri Azərbaycana çox böyük ölçüdə investisiya yatırırdı.

O günlərdə dahi öndər deyirdi ki, “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”.

“Əsrin müqaviləsi” Azərbaycana nə verdi?

30 il sonra Ulu öndərin bu fikirlərinin nə qədər doğru olduğu daha aydın görünür. “Əsrin müqaviləsi” Azərbaycana təkcə iqtisadi dividend qazandırmadı. Həm də Azərbaycana yeni nəfəs, siyasi və diplomatik güc verdi. Nəzərə alaq ki, Birinci Qarabağ müharibəsində təkcə Rusiya yox, ABŞ və əksər Avropa dövlətləri Ermənistanı dəstəkləyirdi. 

O zaman Azərbaycan həqiqətləri böyük dövlət üçün heç bir önəm daşımırdı. Bu müqavilə hesabına Rusiyanın və Qərbin ölkəmizə qarşı baxışları böyük ölçüdə dəyişdi. Çünki artıq ABŞ-ın, Böyük Britaniyanın, Rusiyanın, İtaliyanın, Çinin və digər böyük dövlətlərin Azərbaycanda yüz milyonlarla kapitalı və iqtisadi maraqları vardı. 

Əminliklə demək olar ki, 44 günlük müharibənin nəticələrinin müəyyən edilməsində “Əsrin müqaviləsi”nin birbaşa payı var. Bu müqavilə ötən 30 ildə Azərbaycanın dünyaya inteqrasiyasında müstəsna rola malikdir. Bu müqavilənin nəticələri Gürcüstanla münasibətlərə tam yeni və fərqli forma verdi. 

Məlumdur ki, 1992-1993-cü illərdə Borçalıdakı 500 min soydaşımızın deportasiyası gündəmə gəlmişdi. Prezident Zviad Qamsaxudriya başda olmaqla ultra-millətçilər azərbaycanlıların Gürcüstandan çıxardılması tezisini irəli sürürdü. Məhz, “Əsrin müqaviləsi”ndən sonra və "Azəri", "Çıraq", "Günəşli" yataqlarından hasil olan neftin Gürcüstan üzərindən Avropaya nəqli məsələsi gürcü millətçilərini fakt qarşısında qoydu.

19 ölkədən 41 şirkət

"Əsrin müqaviləsi" adlanan sənəd təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdı. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanın 13 ən məşhur neft şirkəti Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta iştirak edirdi. Bununla da Ulu öndərin  "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. 

Müqavilədən az sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

1997-ci ildə Çıraq yatağından neft hasilatına başlanıldı.

Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker 1999-cu ilin dekabrında dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil oldu və xalqa fayda verməyə başladı. 

Şimal istiqamətində uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi. İlk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu. Kəmərin  illik nəqletmə gücü 6,1 milyon ton idi. 

17 aprel 1997-ci ildə isə Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, işə salındı. Kəmərin illik nəqletmə gücü 5,1 milyon tondur.
 

Beləliklə, 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton idisə, 2009-cu ildə ən yüksək səviyyəyə çataraq 50 milyon tonu keçdi.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilən ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzaladı.  

2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintiyə başlanıldı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi

Öz tarixi əhəmiyyəti baxımından heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan hadisə - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatına başlanması oldu. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün nəinki neft ixrac edən, eyni zamanda qaz ixrac edən ölkəyə çevrilmişdir. 

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz  kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirib.

2014-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyuldu.

Hazırda Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə genişmiqyasli işlər həyata keçirilir.

2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edildi və yenidən tərtib olundu. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı.

Müqavilənin yeni şərtləri təkcə 1994-cü ildən bəri ölkəmizin və şirkətimizin artan maliyyə və texnoloji potensialını əks etdirmir, həm də xarici tərəfdaşların Azərbaycan iqtisadiyyatına inamını nümayiş etdirir, tərəfdaşlığımızı yeni səviyyəyə qaldırır. 

Bu da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın neft siyasətinin konkret nəticələridir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi:

"Neft Azərbaycan üçün son məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün bir vasitədir".

Surxay Atakişiyev, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
bizim.media

1Mənbələr