AZ

Antiterror tədbirləri ədaləti bərpa etdi

Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin Qarabağ iqtisadi rayonundan tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir.

Bu fikir Xarici İşlər Nazirliyinin mət­buat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in sentyabrın 19-da yaydığı bəyanata dair şərhində yer alıb: 

“Sülhpərvər ölkə olduğunu iddia etmə­sinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı Qa­rabağın “Dağlıq Qarabağ” kimi qondarma adlarla çağırılması Azərbaycanın suveren­liyinə və ərazi bütövlüyünə qarşı hörmət­sizliyin bariz nümunəsidir.

Ötən il sentyabrın 19–20-də Silahlı Qüvvələrimiz tərəfindən cəmi 24 saat­dan az bir müddətdə öz suveren ərazilə­rimizdə aparılan antiterror tədbirləri bey­nəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib. Azərbaycanın öz tor­paqları üzərində suverenliyini bərpa et­məsi tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Ermənistanın 2020-ci il Vətən müha­ribəsində düçar olduğu məğlubiyyətə və qəbul etdiyi öhdəliklərə baxmayaraq və 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində öhdəliklərinə zidd şəkildə, nəinki öz qanunsuz silahlı birləşmələrini Azər­baycanın Qarabağ bölgəsindən çıxarma­dığı, hətta Azərbaycan ərazilərinə əlavə si­lah-sursat, hərbi texnika, minalar ötürdüyü məlum idi. Ölkəmizə qarşı mina terrorunu davam etdirən Ermənistan zaman keçdik­cə onun daha geniş vüsət almasına rəvac verirdi. Ermənistan rəsmiləri hər vəchlə ərazilərimizdə saxladıqları qondarma reji­min təbliğatını aparırdı və bu ölkənin baş naziri 2023-cü il sentyabrın 2-də qondarma “müstəqillik”lə bağlı separatçı rejimə təb­riklərini çatdırdı.

2023-cü il sentyabrın 19-da erməni si­lahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 vətəndaşımızın həlak olması isə Azərbaycanın səbir kasasının daşması­na səbəb oldu və antiterror tədbirlərini qa­çılmaz etdi.

Ermənistan tərəfinin təhrikedici səylə­rinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hə­dəfə alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruk­tur və obyektlər sıradan çıxarıldı. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq olu­nan reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər. Bu, on­ların azad seçimi idi və bunu “etnik təmiz­ləmə” kimi qələmə vermək Ermənistandan və işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıları kütləvi şəkildə qovan, soyqırımı və kütləvi qırğınlar törədən Er­mənistanın riyakarlığını nümayiş etdirir...

Azərbaycan xalqı və dövləti üçün bu tarixi önəmli gündə bir daha ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenli­yi uğrunda mübarizədə canlarından keçən Vətən övladlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.

Şanlı Silahlı Qüvvələrimizlə fəxr edir, dövlətimizin və xalqımızın hər zaman müzəffər olmasını diləyirik!".

Seçilən
77
2
xalqqazeti.az

10Mənbələr