AZ

“Əsrin kontrakt”ının 30 illiyinə ortodoksal baxış

30 il bundan əvvəl 1994-cü ilin sentyabr ayının 20-də Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarının istismarı məqsədilə Azərbaycan xarici şirkətlərlə Hasilatın Pay Bölgüsü (HPB) sazişini imzaldı. Son müddəti 30 il müəyyənləşdirilən AÇG üzrə HPB sazişi 2017-ci il sentyabr ayının 14-də 2049-cu ilin sonunadək uzadıldı və bununla da “Əsrin kontraktı”nın ikinci mərhələsi başladı.

"Əsrin kontraktı"nın müasir Azərbaycan tarixində yerini və milli iqtisadiyyatın formalaşmasında onun rolunu qiymətləndirmək üçün 30 il yetərli zaman kəsiyidir. Belə qiymətləndirmələr dövrü olaraq aparılsa da, 1-ci kontraktın imzalanmasından ötən 30 ilə Azərbaycanın ev sahibliyi etdiyi COP29 ərəfəsində yekun vurmağa çalışacagıq. Bu həm geriyə istiqamətlənən retrospektiv, həm də irəliyə yönələn perspektiv baxış üçün yaxşı fürsətdır.

1. “Əsrin kontraktı”  milli iqtisadiyyatda  davamlı artımı təmin edib.   Bu sazişin 30 illiyi ərəfəsində indiyədək həyata keçirilən neft-qaz siyasətinin təsiri və nəticələri əsasında formalaşan makroiqtisadi göstəricilərə nəzər salaq.  Son iki onillikdə milli iqtisadiyyatda aparıcı rola malik olan neft-qaz sektoru xarici ticarətdə, xüsusilə də ixracın həcmində və dövlət gəlirlərinin formalaşmasında əhəmiyyətli mövqe nümayiş etdirib. Diqqət edin: 2023-cü ildə formalaşan ÜDM-in 33,82 faizini  təşkil edən neft-qaz sektoru həmin il ərzində bütün mənbələr hesabına əsas kapitala yönələn investisiyaların 30,87 faizini özünə cəlb edib[1]. Ötən il 2022-ci illə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmində artım tempi (10,9 faiz), qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmindəki artım tempindən  (9,3 faiz) yüksək olub1. 2023-cü ildə 51,2 milyard ABŞ dollarıq  xarici ticarət dövriyyəsinin həcmi 33,9 milyard ABŞ dollarını ixrac əməliyyatları olub  ki, onun da 90,12 faizini neft-qaz sektoruna daxil olan malların satışı təşkil edib[2]. 2023-cü ildə dövlət büdcəsinin faktiki gəlirlərində neft-qaz sektorundan daxilolmalar 51,52 faiz olub[3]. 

2. “Əsrin kontraktı” Azərbaycan üçün meqa layihələrin işə salınmasında əhəmiyyətli rola malik olub. Belə ki, “Əsrin kontraktı” imzalanandan  iki il sonra - 1996-cı ildə bp ilə SOCAR arasında “Şahdəniz” qaz yatağının işlənməsinə dair kontrakt,  5 il sonra - 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə, 6 il sonra - 2001-ci il martın 12-də "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə respublikaları arasında təbii qazın satışı və alışı haqqında” müqavilə imzalanıb. Beləliklə də Azərbaycan “Əsrin kontraktı”nın təsir və nəticələri ilə imzalanmış sazişlərlə  yalnız qonşu Gürcüstan və qardaş Türkiyənin deyil, həm də Avropanın enerji təhlükəsiziyinin təminatında rol alıb.

3. “Əsrin kontraktı” Azərbaycanı dünyaya neft ixrac edən ölkə kimi tanıtdırıb. İlkin hesablamalara[4] görə, AÇG kontrakt yatağında 4,6 milyard barrel neft (son hesablamalarda 5,4 milyard barrel)  və 3,5 trilyon kub metr səmt qazı ehtiyatları vardır. BP-nin açıqladığı son məlumatlara[5] görə, 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək AÇG-dən 593 milyon ton (təqribən 4,4 milyard barel) neft hasil edilib. Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə 4.3 milyard bareldən çox ACG nefti dünya bazarlarına daşınıb.  Hasilatın başlanğıcından 2024-cü ilin ikinci rübünün sonunadək təqribən 57 milyard kubmetr AÇG səmt qazı Azərbaycana təhvil verilib.  Göründüyü kimi, Azərbaycanın ixrac neftinin əsasını AÇG-də yataqların istismarından əldə edilən məhsul təşkil edib.

4. “Əsrin kontraktı” Azərbaycana xarici sərmayələrin axınını təmin edib. İlkin hesablamalara görə, “Əsrin kontraktı”nın müqavilə dəyəri 14 milyard ABŞ dolları müəyyənləşdirilib.  Lakin AÇG layihəsinin əsaslı xərcləri 30 il müddətində əhəmiyyətli dərəcədə artaraq 2024-cü ilin ikinci rübünün sonunadək 45 milyard dollar təşkil edib. Göründüyü kimi, “Əsrin kontraktı”nın operatoru olan BP və onun tərəfdarları 30 il müddətində Azərbaycan iqtisadiyyatına  yalnız AÇG yataqlarının istismarı üçün 45 milyard dollar, yaxud hər il orta hesabla 1,5 milyard dollar sərmayə yatırıb.  Bundan başqa, "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlının 13 senytabr 2023-cü il tarixinə olan  açıqlamasına[6]  görə, indiyədək BP və onun tərəfdaşları Azərbaycan, Gürcistan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 mlrd. dollar sərmayə yönəldib ki, bu investisiyaların da  30 faizi, yəni 25,2 milyard dolları BP-nin payına düşüb.

5. “Əsrin kontraktı” Azərbaycanın dövlət gəlirlərinin və xərclərinin formalaşmasında mühüm rola malik olub.  Belə ki, Azərbaycan "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən 2024-cü ilin sentyabr ayının 1-dək  174,4 mlrd. Dollardan çox  xalis mənfəət əldə edib. Bu gəlir Azərbaycanda dövlət maliyyə sisteminin formalaşmasında, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və dövlət büdcəsinin  fəaliyyətində  əhəmiyyətli rol oynayıb. Fondun fəaliyyət göstərdiyi 25 il ərzində onun gəlirləri 202,1 milyard ABŞ dolları təşkil edib ki, bunun da 189 milyard ABŞ dolları neft-qaz müqavilələrindən əldə olunub. Fond tərəfindən dövlət büdcəsinə 128,9 milyard ABŞ dollarlıq transfertlər hesabına   maliyyə tarazlığına nail olunub və vacib layihələrin icrası maliyyələşdirilib[7].

6. “Əsrin kontraktı” Azərbaycanı orta gəlir tələsindən xilas edib[8]. Belə ki, AÇG yatağı üzrə 20 illik hesabat dövründə ən yüksək hasilat 2010-cu ildə 300 milyon barrel olub, eyni zamanda AÇG-nin neft hasilatında əvvəlki illə müqayisədə kəskin azalma 2011-ci ildə  - 38 milyon barrel, 2017-ci ildə - 16 milyon barrel,  2020-ci ildə- 20 milyon barrel və 2023-cü ildə isə -19 milyon barrel qeydə alınıb. 2023-cü ildə AÇG üzrə neft hasilatı göstəricisi 2010-cu ildəki pik hasilatın 44,5 faizini təşkil edib, 2014-cü illə müqayisədə hasilatın 100 milyon barrel və 43 faizə qədər azalıb. AÇG yatağı üzrə hasilatın kəskin azalması 2018-ci ildən müşahidə olunmağa başlayıb, proqnozlara görə bu tendensiya 2025-ci ilə qədər davam edir, 2025-2027-ci illər arasında hasilatın illik 119 milyon ton səviyyəsində sabitləşməsi gözlənilir. Bunun səbəbi 2017-ci il 14 sentyabrda müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinin tikintisidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir.Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. Barellədək neft hasil olunacağı proqnozlaşdırılır. . 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub. ACE layihəsi AÇG yataqlarından hasilatın kəskin azalmasının qarşısının alır. 

7. “Əsrin kontraktı” Azərbaycanda gəlir bərabərsizliyinə gətirib çıxarıb.  "Əsrin kontraktı"ndan qazanılan neft gəlirlərdən qaynaqlana  dövlət xərclərinin effektiv menecmenti və iqtisadiyyatın liberallığı olmadığı şəraitdə vəsaitlərin qeyri-məhsuldar sektorlarda xərclənməsi milli iqtisadiyyatda inkişaf və rifah üçün ciddi problem olan korrupsiyanın miqyaslarının genişlənməsini, inflyasiyanın sürətlənməsini şərtləndirib. Bütün bunlar isə əhalinin məsrəflərini  artırıb, onların gəlirlərini dəyərsizləşdirib və hesabat dövründə social  rifah göstəricilərini təhrif edib. Transparency International-ın məlumatına görə, 2024-cü ildə Azərbaycan 100 baldan 23 bal toplayıb və dünyanın 180 ölkəsi arasında 154-cü ən korrupsiyalaşmış ölkə olub. Hazırda Azərbaycanda korrupsiya tüğyan edir, avtokratiya və zəif hüquq sistemləri Azərbaycanda korrupsiyanın geniş yayılmasına şərait yaradır. Beləliklə də daha çox  korrupsiyaya bulaşmış Azərbaycan vətəndaşları mövcud rejimi dəstəkləməyə məcbur olur.

8. “Əsrin kontraktı” Azərbaycanın yalnız iqtisadi deyil, həm də siyasi tarixində yeni dövrün başlanğıcı oldu. Bu kontraktdan əldə edilən gəlirlər hesabına Azərbaycanda avtoritar idarəçiliyin əsas dayaqları sayılan hüqüq mühafizə, prokurorluq və məhkəmə hakimiyyəti maliyyələşdirilib, 30 illik dövrün son 20 ilində Azərbaycanda korrupsiyanın artması, azadlıqların boğulması və demokratiyanın məhdudlaşması qeydə alınıb.  Belə ki, hesabat dövründə Azərbaycan “Dünyada Azadlıq” indeksinə görə xroniki olaraq “azad olmayanlar” reytinqində yer alıb. Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycanı Mətbuat Azadlığı İndeksində 180-dən çox ölkə arasında 164-cü yerdə qərarlaşdırıb.

9. “Əsrin kontraktı” Azərbaycanda yeni  ekoloji problemlər yaradıb. Belə ki,  Sənqəçal terminalında və dənizdə yandırılan qazların həcmi də müntəzəm olaraq artmaqdadır. Belə ki, Enerji İnstitutunun açıqlamasına[9] görə, Azərbaycanda yandırılan qazın miqdarı 2023-cü ildə 0,8 milyard kub metr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 dəfə, 2021 və 2020-ci illərlə müqayisədə isə 2,6 dəfə çoxdur.   Bununla yanaşı enerjidən, proses emissiyalarından, metan və məşəldə yandırmadan yaranan karbon dioksid ekvivalent emissiyaları 2023-cü ildə 54,3 milyon ton karbon qazı ekvivalenti olub ki, bu da 2022-ci illə müqayisədə 10,3 faiz, 2021-ci illə müqayisədə 17,5 faiz, 2020-ci illə müqayisədə 25,1 faiz çoxdur. Bütün bunlar Azərbaycanın 2030-cu ilədək karbon emissiyalarının miqdarının 35 faiz azaldılmasına, 2050-ci ilədək karbon emissiyalarının miqdarının 40 faiz azaldılmasına dair hədəflərinə çatmağa çətinliklər yaradır.[10]

 

[1] https://economy.gov.az/storage/files/files/6335/Q1ZgEcbYOzmjeSBtc60PbF6bjQUJ5Kw6Wl8aE5bz.pdf

[2] https://customs.gov.az/uploads/foreign/2023/2023_12.pdf?v=1705581222

[3] https://sai.gov.az/files/2023_icra_rey-227333293.pdf

[4] https://www.bp.com/content/dam/bp/country-sites/az_az/azerbaijan/home/pdfs/esias/acg/acg-phase1-executive-summary-az.pdf

[5] https://www.bp.com/en_az/azerbaijan/home/who-we-are/operationsprojects/acg2/acg-30th-anniversary-in-facts.html

[6] https://apa.az/energy-and-industry/azerbaycanin-acg-den-elde-etdiyi-menfeetin-hecmi-aciqlanib-785398

[7] https://oilfund.az/report-and-statistics/recent-figures

[8] Ibadoghlu, Gubad and Bayramli, Emin, Could the economy of Azerbaijan fall into the middle-income trap? (June 19, 2024). Available at SSRN: https://ssrn.com/abstract=4870534 or http://dx.doi.org/10.2139/ssrn.4870534

[9] https://www.energyinst.org/__data/assets/pdf_file/0004/1055542/EI_Stat_Review_PDF_single_3.pdf

[10] https://www.econstor.eu/bitstream/10419/301995/1/Gubad-Ibadoghlu-COP29-2024.pdf

Seçilən
105
50
turan.az

10Mənbələr