Nyu-Yorkda UNICEF-ın baş ofisində COP29 Sədrliyinin təşkilatçılığı ilə “Qlobal baxışın uşaqlar üçün təmin edilməsi: Uşaqları və gələcək nəsilləri iqlim fəaliyyətinin mərkəzinə yerləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən COP29-un prezidenti Muxtar Babayev bildirib ki, dünyada yaşayan uşaqların yarısı iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdə yaşayır. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, iqlim dəyişikliyi nəticəsində yaranan xəstəliklərin 88 faizi beş yaşa qədər uşaqların üzərinə düşür. COP29 prezidenti deyib ki, COP28-də tərəflər BƏƏ Konsensusu çərçivəsində uşaq və gəncləri iqlim fəaliyyətinin mərkəzinə yerləşdirməklə mühüm irəliləyiş əldə ediblər. “İyun ayında Bonnda keçirilən Ekspert Dialoqu BƏƏ Konsensusunun vədini yerinə yetirmək üçün vacib addım oldu. Lakin gələcək nəsillər qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün bizə davamlılıq lazımdır. Bu ayın əvvəlində COP Sədrliklərinin Üçlüyü uşaqlar və gənclər üçün davamlı təsir göstərməyə çalışacağı üç prioritet sahəni açıqlayıb. COP29 Sədrliyi COP29-da və ondan sonra da Üçlük tərəfdaşları olan BƏƏ və Braziliya ilə bu məsələdə davamlı əməkdaşlığa hazırdır”.
Muxtar Babayev əlavə edib ki, COP29 Sədrliyinin vizyonu ambisiyaları artırmaq və fəaliyyətə imkan verməkdir, gənclərə və uşaqlara dəstək bu iki bir-birini gücləndirən təməl prinsiplərə inteqrasiya edilməlidir. Onun sözlərinə görə, uşaqlar üçün maliyyə çatışmazlığını aradan qaldırmağa kömək edə biləcək çoxtərəfli iqlim fondları səfərbər edilməlidir. O bildirib ki, uşaqlar üçün iqlim maliyyəsini açmaqla onları iqlim dəyişikliyinin təsirlərindən qoruyan davamlı sosial infrastruktur yaratmaq mümkündür.
UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində UNICEF-lə belə bir tədbirin təşkili üçün COP29 Sədrliyinə təşəkkür edib. O bildirib ki, iqlim tək planeti deyil, uşaqları da dəyişir. Onun sözlərinə görə, iqlim dəyişikliyi uşaqların və hamilə qadınların sağlamlığı və həyat şəraiti üçün təhdid törədir: “Ölü və vaxtından əvvəl doğuş ehtimalı temperaturun 1 dərəcə artması ilə 5 faiz artır. Dünyada Milli Müəyyən edilmiş Töhfələrin (NDC) yarıdan azı uşaqlara və gənclərə həssaslıqla yanaşıb və yalnız 3 faizi uşaqların birbaşa iştirakı ilə tərtib edilib. İqlim fondlarının maliyyəsinin yalnız 2,4 faizi uşaqlar üçün nəzərdə tutulmuş dəstək proqramlarına sərf olunub”. O, gündəliyi formalaşdırılması ilə bağlı COP29-la sıx işlədiklərini bildirib və uşaq hüquqlarının iqlimlə bağlı fəaliyyət gündəliyinin mərkəzində olmasını təmin etmək üçün əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirib.
Tədbirdə çıxış edən Uşaq İqlim vəkili Mariya Marşal, COP28 Gənc İqlim Çempionu və icmanın inkişafı naziri Şamma Al Mazrui, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və digər çıxışçılar uşaqları iqlim mövzusunun mərkəzinə qoymaq istiqamətində atılan addımlar, COP28 zamanı bu istiqamətdə görülən işlər, Azərbaycan COP29 çərçivəsində nə kimi tədbirlər həyata keçirəcəyi istiqamətində müzakirələr aparıblar.
Sonda çıxış edən COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova deyib ki, COP29-a 49 gün qalmış bütün səyləri sərf etmək və uşaqları bir daha iqlim müzakirələrinin mərkəzinə qoymaq çox vacibdir. Onun sözlərinə görə, Gənc İqlim Çempionunun rolu əsasən həm uşaqların, həm də gənclərin iqlim fəaliyyətində iştirakını asanlaşdırmaqdan ibarətdir. “Bizim təşəbbüsümüz və UNICEF-in dəstəyi ilə COP29 zamanı uşaq və gənclərin səslərini yüksəltmək üçün müxtəlif imkanlar təklif ediləcək. Biz hazırda uşaq və gənclər cəmiyyəti olan YOUNGO ilə müzakirələrdə Gənclərin İqlim Forumunda uşaqların ehtiyac və maraqlarını vurğulayırıq, uşaq və gənclər pavilyonunun irsinin davam etdirilməsi üçün gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Ekspert Dialoqunun davamı olaraq iqlimlə bağlı qərarların qəbul edilməsində və fəaliyyətində uşaq hüquqlarının əsas istiqamətlərinin müzakirəsi üçün tədbirlər keçiririk”,-deyə Gənc İqlim Çempionu bildirib. O, maraqlı tərəfləri bu tədbirlərə qoşulmağa, gəncləri və uşaqları dinləməyə dəvət edib və bu istiqamətdə COP Sədrlərinin Üçlüyü ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Məlahət Nəcəfova
Nyu-York
Mənbə: AZƏRTAC