AZ

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

MəcnunGöyçaylı fermerlər və kəndlilər çoxsaylı problemlərlə üz-üzə olduqlarını deyirlər. Payızlıq əkinləri onların gözləntilərini doğrultmayıb.Min bir əziyyət və xərc hesabına salınan pomidor istixanalarında məhsuldarlıq zəifdir. Ötən il tamamilə aldadılan kəndlilər bu il ziyandadırlar.Kəndlilər deyirlər ki, bir ədədi 32-35 qəpiyə başa gələn pomidor şitillərinin xərci 2 manatı keçir. Satış qiyməti aşağı olduğundan qazanc da sərf etmir.Həvəslə 8 istixanaya 31 min manat xərc çəkən Mırtı kənd sakini Zahir Musayev hətta çəkdiyi xərci götürə bilməyəcəyindən narahatdır:“Qoyduğum xərci yığsam, sevinərəm. “Runner” sortunu hibrid toxum olaraq satdılar. İçində başqa növ götürülmə toxum çıxdı. 17 min şitildən 40 tondan çox məhsul gözlədiyim halda heç 25 ton toplaya bilməyəcəm. Hər ağac 2 kiloqram məhsul verməli idi, o, belə yoxdur. Əsas problemi hava şəraitində deyil, toxumlarda görürəm. Bütün salxımlar yaxşı deyilsə, problem havada deyil, toxumdadır. Digər tərəfdən yaşıl qurd, qırmızı hörümçək, pörtləmə kimi xəstəliklər, ziyanvericilər artıb. Vurulan dərmanlar da effekt vermir. Çətin ki, ayın sonuna məhsul qala”.“Xaricdən toxum gətirmək də kəndli üçün müşküldür”İstixana əkini ilə tanınan Qaraxıdır, Yalman, Ləkçıplaq kəndində payızlıq əkinə ən çox maraq olsa da, keyfiyyətli toxum iki ildir ki, kəndlilər üçün əlçatmazdır. Üstəlik, ilbəil artan xərclərin və bahalanan məhsulların fonunda bir sıra kəndlilər ziyana düşüb əkini dayandırırlar.Kəndli Natiq İsmayılov da xaricdən toxum gətirməyin problem olduğunu deyir:“Payızlıq əkin riskdir. May əkinindən həvəslənib 7 min payızlıq istixana saldım. Məhsuldarlıq zəifdir. Şirkətlər deyir ki, xaricdən gətirilən hibrid toxumları əkib sizə 80-90 qəpiyə satsaq, alan deyilsiniz. O qiymətə şitil alsaq, xərci ən az 3 manat edəcək. 32-35 qəpiyi ödəyə bilməyən onu necə ödəyəcək? Xaricdən toxum gətirmək də kəndli üçün müşküldür. Şəxsən Polşadan 5 min toxum gətirə bilmədim. İcazə vermədilər, əngəl oldular. Gömrük rüsumu, daşınma xərci, qida təhlükəsizliyi kimi süni maneələr var. Ona görə də Bakıdan şirkətdən almağı təklif etdilər”.“Odur ki, ölkə daxilində müəyyən şirkətlər hibrid toxumlardan laboratoriya şəraitində üçillik toxum götürüb təkrar əkin üçün bizə satırlar. 100 min orijinal toxuma 20-30 min götürülmə toxum qarışdırıb özlərinə biznes qururlar. Aylarla da kəndli bol məhsuldarlıq gözləyir. Min şitil əvvəllər iki ton məhsul verirdirsə, indi yarım ton güclə verir. Əvvəl bir salxımda 6-7 pomidor vardısa, indi ən yaxşı halda 3-4 ədəd olur”, – deyə o, monopolist şirkətlərin keyfiyyətli toxumlara müdaxilə etdiyini vurğulayır.“Əkin sahələri imkanı olan sahibkar məmurların əlinə keçir”Kəndlilər deyirlər ki, məqsəd də baha pestisid, gübrə vasitələri və keyfiyyətsiz toxum fonunda əkinin zamanla sahibkar məmurların əlinə keçməsidir.“Gübrə və pestisidlərdə isə qiymətlər ən azı 3-4 dəfə artıb. Əkin sahələri də imkanı olan sahibkar məmurların əlinə keçir. Toxum, gübrə, pestisid, torpaq, işçi qüvvəsi onlardadır. Bazar da, qiymət də onlar üçün əlverişlidir”, – deyə Natiq İsmayılov qeyd edir.“Ya kredit götürür, ya heyvan satır, ya da nisyə alırıq”Kəndlilər bildiriblər ki, payızlıq istixana məhsullarının satış qiyməti isə məhsuldarlığa nisbətdə ürəkaçan deyil. Ayın əvvəlində daxili bazarlarda kiloqramı 2-2.50 qəpiyə olan pomidor indi ən yaxşı halda 1 manata satılır. Çəkilən xərc, işçi qüvvəsi və zəhmət müqabilində kəndli heç bir ay normal dolanışığını təmin edə bilmir.Onlar deyirlər ki, əkin üçün istifadə edilən baha kənd təsərrüfatı vasitələrinin borcunu ödəməklə kifayətlənməli olurlar. Daxili bazar məhdudluğu və monopolist hökmranlıq kəndliyə normal qiymət diqtəsi hüququnu tanımır. Yazlıq qismən Rusiyaya ixrac olunursa, payızlıq daxili bazar üçündür.Rusiyaya adətən iri sahibkarlar məhsul istehsal edir. Çünki keyfiyyətli toxum və tez yetişdirmə o bazarın tələbinə uyğundur. Təsadüfi deyil ki, bu ilin yanvar-avqust aylarında 139 milyon 545 min dollar dəyərində 116952 ton pomidor ixrac olunub.Ötən ilin eyni dövründə isə ixrac 124 milyon 290 min dollar dəyərində 112 064 ton olub. Son iki il müqayisədə ixrac 4.4 faiz artıb. Bu il ümumi ixracın 0.77 faizi, qeyri neft sektoru üzrə isə ixracın təxminən 6.4 faizi pomidorun payına düşür.Fermer Elnur Cəlalov da daxili bazarda yaranan problemlərdən şikayətçidir:“6 min şitilə 12 min manat xərcim çıxıb. 4 il öncə kisəsi 18-20 manata olan gübrələrin qiyməti indi 90 manatdır. 4 dəfə artım deməkdir. Yazlıq əkinimi 2.80 qəpikdən 60 qəpiyə qədər satdım. Ancaq payızlıq əkinim üçün 7 ton məhsul planlayıram ki, hələ 2 tonunu yığa bilmişəm. Bu günə olan məzənnə 80-90 qəpikdir. Paytaxt, Gəncə marketlərində 2-3 manat arasındadır. Həmin market və paytaxt bazara çıxışı olan alıcılar sözləşib kəndlərdə bir qiymət qoyurlar. Kəndli də təklif yoxdur deyə ucuz satmaq məcburiyyətində qalır. Kəndlilər üçün bazar əlçatan olmalı, qablaşdırma, satış üçün şərait yaradılmalıdır. Rayon bazarları ilə məhdudlaşma qiymət diqtəsi yaradır. 6-7 ay zülm çəkən kəndli market sahibindən iki dəfə ucuz satır. Alıcılar əziyyət çəkmədən çox qazanırlar“.“Xarici bazar da əldən çıxıb. Rusiya bazarının tələbləri ağırlaşıb. 10 gündən bir vurulan pestisidlərin bir litri 300 manat tutur. Bir dəfə vursan, 150 manatdır. Hər xəstəliyin öz dərmanı var. 12 min şitilin 2500 manat təkcə pestisid və gübrə xərci var. Digər örtük, ipləmə, şitil, suvarma, yanacaq xərcləri 12 mini ötür. Onu da ya kredit götürür, ya heyvan satır, ya da nisyə alırıq“, – Elnur Cəlalov belə deyir.“Kəndliyə aqrar təsərrüfat naminə dəstək olunmalıdır, ya da iş yerləri açılmalıdır”Məhz çətinliklərdən dolayı əkini azaldan və yaxud tərk edən kəndlilərin sayı da artır. İllərdir ki, çörəyi istixanadan çıxan Elməddin İsayev 10 minlik əkinlə bu il də ziyandadır. Xərcini güclə çıxaracağından dolayı əkini azaldacağını, iş tapacağı təqdirdə kəndi tərk edəcəyini deyir:“Yazlıq əkinin xərcləri çox olur deyə payızlıq əkinə maraq göstərdik. 10 min şitilə 7 min xərcim var. Hələ xərcin yarısını çıxara bilməmişəm. Xərcimi götürsəm, gələn il payızlıq əkini az əkəcəyəm. Sərf etmir, sadəcə can, vaxt, vəsait gedir. Kəndlinin də gəlirinə min yerdən maneə var. Ya kəndliyə aqrar təsərrüfat naminə dəstək olunmalıdır, ya da iş yerləri açılmalıdır ki, tək məsuliyyət, xərc kəndlinin öhdəliyində qalmasın. O da normal yaşamaq istəyir”.“Kəndli məhsulunu daxili bazarda normal qiymətə satmalıdır”İqtisadçı ekspert Akif Nəsirli Meydan TV-yə deyir ki, kəndlilər üçün alternativ daxili və xarici bazar olmalıdır:“Rusiyanın son 2 ildə iqtisadi böhran və müharibədən dolayı tək xarici bazar rolunu itirməsi məhsul istehsalçıları üçün alternativ daxili və xarici bazarın tapılması zərurətini ortaya qoyur. Əslində hökumət bazar tapmalı, seçməli deyil, normal idarəetmə ilə məşğul olmalıdır. Fermerlər özləri dünya bazarlarını öyrənməlidir. Özlərinə bazar tapmağa cəhd etməlidir”.“Rayonlardakı kənd təsərrüfatı qurumlarının mütəxəssisləri bu işdə kəndlilərə, fermerlərə yardımçı olmalıdır. Əslində bu qurumlar aqrar sahədə öncül əkin və aqrar qulluğu da kəndliyə öyrətməlidir. Bu, onların vəzifəsidir. Kənd təsərrüfatı məhsullarının əsas təyinatı xaricə istehsaldan əvvəlcə daxili tələbatı ödəməkdir. Valyuta gətirməsi də məhsul istehsalçısının işi deyil, kəndli məhsulunu daxili bazarda normal qiymətə satmalıdır”, – deyə iqtisadçı bildirir.“Alternativ bazarlar qaçılmazdır”Ekspert deyir ki, yerli istehsalçılar Avropa bazarını keyfiyyətli məsul yetişdirə bilmədikləri üçün itirirlər.Daxili bazarda isə hökumət mütləq ki, tək bazar anlayışından çıxmalı, azad iqtisadi rəqabət naminə əlavə bazar şəbəkəsi yaratmalıdır:“Gərək fermerlər Avropa bazar standartlarına uyğun orqanik məhsul istehsal edə ki, bazara da rahat çıxsınlar. Məhsulun tərkibindəki elementlər normada olmalıdır. Bu bazar Rusiya bazarından iki dəfə sərf edər. Həm də təklifin tələbi üstələməsinə səbəb olur. Bu baş verərsə, məhsul istehsalçısı daxili bazarda sıxışdırılmaz, ucuz qiymət diqtəsi ilə üz-üzə qalmaz. Daxili bazarda da qiymət stabil qalar. Hökumət gərəkən addımları atmalıdır, daxili bazar diqtəsini aradan qaldırmalıdır. Meyvəli bazarının tək olması kəndlilərə, yəni məhsul istehsalçılarına çox vəsait xərclənməsinə, aşağı qiymətə satmasına, bazara yer pulu ödəməsi kimi bir sıra problemlərlə üz-üzə qoyur”.“Bakı və Abşeronda, həmçinin digər iri şəhərlərdə bir neçə yerdə mövsümi bazar yaradılmalıdır, topdansatış yarmarkalar olmalıdır. Bu hökümət üçün çox xərc tələb edən iş deyil. Onda azad bazar şəraitində rəqabət olar. Bir əldən qiymət tələbi olmasın ki, məhsul istehsalçısı istədiyi normal qiymətə məhsulunu sata bilsin. Daxili bazar alverçiləri, dəllallar özləri gedib onlardan alsın. Çünki əksəriyyət kənd məhsulları kənddən paytaxta gələrkən qiymətində çox fərq olur. Yaxşı olar ki, zəhmətkeş alıcısı ilə özü əlaqə yaratsın. Bunun üçün də alternativ bazarlar qaçılmazdır”, – deyə o qeyd edib.“İnflyasiya ilbəil iqtisadi çətinliklər, xərclər yaradacaq”Ekspert yanacağın qalxmasını və inflyasiyanın artımını da kəndlilər üçün ciddi problem sayır:“Yanacaq payızdan etibarən kənd təsərrüfatı üçün nəzərdə tutulan məhsulların maya dəyərində ciddi bahalaşmaya səbəb olur. Gübrə, pestisid və digər vasitələrdə qiymət artımı kəndlini çox çətin vəziyyətə salır. Məhz buna görə payız əkini daha çox xərclə kəndliləri üz-üzə qoydu. Ölkə daxilində həmin məhsulların istehsalı olmalıdır, ya da bir çox sahibkarların həmin məhsulları xaricdən gətirilməsi üçün şərait yaradılmalıdır ki, qiymətlər bu qədər baha olmasın. Hökumətin körüklədiyi inflyasiya ilbəil iqtisadi çətinliklər, xərclər yaradacaq”.

Seçilən
11
2
yenisoz.az

3Mənbələr