ABŞ rəsmisi iddia edib ki, Çinin ən müasir nüvə sualtı qayığı bu ilin əvvəlində naməlum nasazlıq səbəbindən batıb. Rəsmi Çinin bu hadisəni “rüsvayçılıq mənbəyi” kimi gördüyünü və ictimaiyyətdən gizlətdiyini bildirib.
ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi cümə axşamı (sentyabrın 26-da) bildirib ki, Çinin ən müasir nüvə enerjili sualtı qayığı naməlum nasazlıq səbəbindən bu ilin əvvəlində batıb. Rəsminin sözlərinə görə, Çin hadisəni potensial biabırçılıq mənbəyi kimi görərək, sualtı qayığın batmasını ictimaiyyətdən gizlədib.
Çin hazırda 370-dən çox gəmi ilə dünyanın ən böyük donanmasına sahibdir. Hərbi imkanlarını təkmilləşdirməyə davam edən Pekin administrasiyası indi öz donanmasına yeni nəsil nüvə sualtı qayıqlarını daxil etməyə hazırlaşır.
“Reuters” xəbər agentliyinə adının açıqlanmasını istəməyən ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi bildirib ki, Çinin yeni nəsil birinci dərəcəli nüvə enerjili hücum sualtı qayığı may və iyun ayları arasında hərbi estakadanın yaxınlığında batıb. Rəsmi Çin müdafiə sənayesini tənqid edib.
İyun ayında Planet Labs şirkəti batdığı iddia edilən nüvə sualtı qayığının yerləşdiyi Vuçang limanından peyk şəkillərini paylaşıb. Görüntülərdə sualtı qayıq böyüklüyündə su altında qalmış obyektin ətrafına toplaşan kranlı xilasetmə gəmiləri diqqət çəkib.
***
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü məsələ ilə bağlı məlumat verə bilməyəcəklərini bildirib.
Çin rəsmisi, “Dediyiniz vəziyyətlə tanış deyilik və bu mövzuda verə biləcəyimiz heç bir məlumatımız yoxdur”, – deyib.
Anonim ABŞ rəsmisi sualtı qayığın batmasının səbəbi və batdığı zaman içindəki nüvə inventarının olması barədə dəqiq məlumata malik olmadığını bildirib.
Anonim məmur Çinin hərbi təchizat zəncirini tənqid edib. “Təlim standartları və avadanlığın keyfiyyəti ilə bağlı açıq suallardan başqa, bu hadisə Çin ordusunun uzun müddətdir korrupsiya ilə üzləşən müdafiə sənayesinin keyfiyyətə nəzarət standartları ilə bağlı daha böyük suallar doğurub”, – deyib.
Anonim rəsmi Çin Xalq Azadlıq Ordusunun bu hadisəni gizlətməsinin təəccüblü olmadığını bildirib. O qeyd edib ki, Çin hadisəyə biabırçılıq mənbəyi kimi baxa bilər.
***
ABŞ Müdafiə Nazirliyinin Çin ordusu ilə bağlı hazırladığı hesabata görə, 2022-ci ilə qədər Çinin altı nüvə enerjili ballistik raket sualtı qayığı, altı nüvə enerjisi ilə işləyən hücum sualtı qayığı və 48 dizel mühərrikli hücum sualtı qayığı var.
ABŞ Müdafiə Nazirliyi Çinə məxsus sualtı qayıqların sayının 2025-ci ilə qədər 65-ə, 2035-ci ilə qədər isə 80-ə çatacağının gözləndiyini bildirib.
ABŞ və Çin, xüsusilə Cənubi Çin dənizi kimi regional qaynar nöqtələrdə hərbi münasibətləri sabitləşdirmək və anlaşılmazlıqların qarşısını almaq səylərinin bir hissəsi olaraq bu ayın əvvəlində ilk dəfə yüksək səviyyəli komandirlərinin görüşünü keçirib.