AZ

Qafar Çaxmaqlı: Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil

Analoji məsələ odur ki, vaxtı ilə indiki Ermənistan ərazisindən qovulan yüz minlərlə azərbaycanlı da öz tarixi yurdlarına geri dönməlidir

Fransa, Almaniya, Niderland, ABŞ və Kanada, əslində, eyni mövqedən çıxış edən ölkələrdir. Cənubi Qafqazda maraqlarını təmin etmək üçün erməni kartından istifadə edirlər


ABŞ və Kanada ilə yanaşı, bir sıra Avropa ölkələrində də Azərbaycana yönəlik qərəzli, qeyri-obyektiv yanaşma davam edir. Aydın görünür ki, bəzi Avropa ölkələri İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmirlər. Çünki güclü və bütöv Azərbaycan regionda və beynəlxalq müstəvidə sözünü deyən, müstəqil siyasətini yeridən aktorlardan birinə çevrilməkdədir. Narahatlığı aşkar şəkildə büruzə verən ölkələrin sırasında Niderland və Almaniya dayanır. Fransa isə baş roldadır. Bir müddət əvvəl Qarabağdan erməni sakinlərinin guya "məcburi çıxarılması"nı bəyan edən Niderland parlamenti bununla kifayətlənməyib. Hökumət saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ "ələ keçirilmiş region" kimi təqdim edilib və "Dağlıq Qarabağ" ifadəsi yazılıb. Halbuki bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi mövcudluğuna və onun separatçı rejiminin varlığına son qoydu. Azərbaycanda "Dağlıq Qarabağ" adlı heç bir bölgə və ya qurum yoxdur və olmayacaq. Niderland növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirib. Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsini “Qarabağın ələ keçirilməsi” kimi təqdim etmək qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında qalıb. Bənzər iddialar Almaniya tərəfindən də sərgilənmişdi. Başqa vaxt beynəlxalq hüquq, demokratiya adı altında öz siyasətlərini yeridən, digər oyunçulara irad tutmağa çalışan Avropa ölkələri lazım gələndə özləri beynəlxalq hüququ görməzdən gəlir, digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmirlər. Şübhəsiz, bu, dünyadakı ikili standartların ən bariz nümunələrindən biridir. Qərb institutları və dövlətləri özlərinə olan etimadı, inamı getdikcə itirirlər. Bunun əsas səbəbi onların qeyri-adekvat davranışlarıdır. Avropa dövlətlərinin Azərbaycanla bağlı aqressiv ritorikaları “güzgü effekti” verir və ikitərəfli münasibətlərə də mənfi təsir göstərir. Qərb dövlətləri və təşkilatları başa düşməlidirlər ki, bölgədə olmağın yeganə yolu rəsmi Bakı ilə normal münasibətlərdən keçir. 

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, 44 günlük savaşla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bəzi dairələri ciddi narahat etməkdədir. Professorun sözlərinə görə, ABŞ, Kanada, Fransa, Almaniya və Niderland kimi ölkələrdə erməni lobbisi illər boyu ciddi işlər aparıb və kök salıblar: 

"Erməni diasporu həmin ölkə ictimaiyyətlərində elə bir təsəvvür yaradıb ki, guya Qarabağ ermənilərə aid ərazidir. Guya Qarabağda yaşamış ermənilərin haqları pozulub, onlara təzyiq edilib və s. Bu uydurma təbliğat uzun müddət davam etdiyi üçün hazırda həmin toplumlar ermənilərin çirkləndirdiyi hava ilə nəfəs alırlar. Şübhəsiz, burada siyasi məqsədlər də var. Fransa, Almaniya, Niderland, ABŞ və Kanada, əslində, eyni mövqedən çıxış edən ölkələrdir. Cənubi Qafqazda maraqlarını təmin etmək üçün erməni kartından istifadə edirlər. Regionda problemli məsələnin qalmaması, sabitliyin yaranması həm Rusiyaya, həm də Qərb dövlətlərinə bölgəmizə müdaxilə bahənəsi qoymayacaq. Cənubi Qafqaz hər baxımdan mühüm bölgədir. Bir neçə qlobal enerji və nəqliyyat marşrutlarının keçdiyi regiondur. İstənilən an bölgəyə müdaxilə üçün ən yaxşı bəhanə isə "Qarabağ erməniləri" kartıdır. Qərb dövlətləri məqsədyönlü şəkildə Qarabağı könüllü tərk edən ermənilərin yenidən qayıtmasını təmin edəcək mexanizmlərin hazırlanması məsələsində Ermənistana dəstək verirlər". 

Q.Çaxmaqlı vurğulayıb ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin qayıdışı məsələsinin gündəmə gətirilməsində maraqlı olmadığını, bu məsələdə loyal mövqedə dayandığını göstərməyə çalışır:
 "Bunun həqiqət olmadığını bilirik. Paşinyan hökuməti altdan-altdan mövzunu qabardır və prosesi dəstəkləyir. Məhz bu gizli siyasətin nəticəsidir ki, Kanada və Avropa ölkələri "erməni məsələsi"ni gündəmə daşıyırlar. Üzərimizə gəlməyə davam edəcəklər. Məsələni bitmiş hesab etsək də, Qərbdəki dairələr rahat dayanmaq fikrində deyil. Ayıq-sayıq olmalıyıq. Fransanın Afrikada törətdiyi cinayətləri, Kanadanın aborigen xalqlara qarşı soyqırımlarını qabartmaq çıxış yolu deyil. Beynəlxalq hüququn bizə verdiyi imkanlarla öz haqlarımızın bərpasına çalışmalıyıq. Diplomatiyamızı bu istiqamətdə formalaşdırmalıyıq. Azərbaycan haqlı tərəfdir. Dünya qəbul edir ki, Qarabağ Azərbaycan ərazisidir və orada heç bir subyekt yoxdur. Hansısa erməni Qarabağa qayıtmaq istəyirsə, bunun yolu, forması, tələbləri dəfələrlə bəyan edilib. Amma ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil. Analoji məsələ odur ki, vaxtı ilə indiki Ermənistan ərazisindən qovulan yüz minlərlə azərbaycanlı da öz tarixi yurdlarına geri dönməli, buna şərait yaradılmalıdır. Bir daha diqqətə çatdırıram. Qərb ölkələrinin fəallaşması və Azərbaycana qarşı apardıqları təxribatçı siyasətin kökündə həmin dövlətlərin Cənubi Qafqazdakı maraqları dayanır. Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa haqqı-hüququ yoxdur. Bu hücumları dəf etmək üçün resurslarımız kifayət qədərdir". 


Seçilən
146
23
sherg.az

10Mənbələr