AZ

Qardaşı deyir ki, Vidadi İsgəndərli  24 bıçaq yarası alıb

Sentyabrın 29-da Fransanın Myuluz şəhərində yaşayan mühacir Vidadi İsgəndərliyə silahlı hücum olduğu bildirilir. Hazırda onun vəziyyətinin ağır olduğu vurğulanır. Bu barədə onun qardaşı Oqtay İsgəndərli V.İsgəndərlinin müalicə aldığı klinikanın baş həkimi ilə görüşündən sonra bildirib. “Fransada mühacir həyatı yaşayan qardaşım Vidadi İsgəndərli sentyabrın 29-da Paris vaxtı ilə saat 7.30-da naməlum şəxslərin hücumuna məruz qalıb. Yaşadığı evin pəncərəsindən üç nəfər killer Vidadinin yataq otağına daxil olaraq ona çoxsaylı bıçaq zərbəsi endirib”. Qardaşının sözlərinə görə, hadisə baş verən gün məsələ ilə bağlı tam təfsilatlı məlumat əldə edə bilməyib: “30 saniyə Vidadi ilə söhbət etdim. Dedi ki, üç nəfər maskalı şəxs idi, onlar danışmırdılar. Onu bıçaqla vurublar. Vidadi müqavimət göstərib və qaçıblar. Sentyabrın 30-da hospitalın baş həkimi ilə görüşdüm. Baş həkim bildirdi ki, səhərə yaxın vəziyyəti lap ağırlaşıb. Çox çətinliklə onu yenidən həyata qaytarıblar. Baş həkim əlavə etdi ki, qarın nahiyəsinə 21 bıçaq zərbəsi vurulub, bir bıçaq zərbəsi qara ciyərinə, ondan güclü bir bıçaq zərbəsi ağciyərinə dəyib. Nəfəsalma prosesi çətinləşib”. Qardaşının bildirməsinə görə, baş həkim deyib ki, daha bir bıçaq zərbəsi isə arxadan baş nahiyəsinə vurulub: “Onu nəzarətdə saxlayırlar. Çox ağır bir xəbər idi. Həkim dedi ki, ailəsini və uşaqlarını gətirin… Mənim də telefon nömrəmi aldılar. Soruşdum ki, onun yaşamaq şansı varmı? Həkimdən cavab almadım. Dedi ki, onlar əllərindən gələni edirlər…”. Yaxınları Vidadi İsgəndərli ilə bağlı son baş verənləri onun siyasi fəaliyyəti ilə izah edirlər. Amma bütün bu deyilənlərə, hələlik, nə Fransa və nə də Azərbaycan hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olub. V.İsgəndərli Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkilərində iştirak edib. Seçkiləri saxtalaşdırıldığını açıqlayıb. Müxalifət təmsilçiləri ilə etiraz aksiyalarına qatılıb. 2011-ci ildə o, Bakıda saxlanıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3 il yarım azadlıqdan məhrum edib. V.İsgəndərli ittihamları qurma sayıb. O, 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. İsgəndərli 2015-ci ildə Fransaya mühacirət edib. O, mühacirətdə sərt çıxışları ilə diqqət çəkib. Bundan öncə də Azərbaycandan Avropaya gedib siyasi sığıncaq əldə edən bəzi şəxslərə də hücum edildiyi ilə bağlı məlumatlar yayılıb. Onların bəziləri bu hücumu siyasi fəaliyyətləri ilə əlaqələndiriblər. Elə 2021-ci ildə Fransanın Nant şəhərində siyasi mühacir, bloqer Məhəmməd Mirzəliyə də bıçaqla hücum olmuşdu. 2022-ci ildə Fransa məhkəməsi üçü azərbaycanlı olmaqla dörd nəfəri adam öldürməyə cəhd ittihamı ilə həbs edib. AzadlıqRadiosu

Seçilən
86
1
xural.com

2Mənbələr